Sosial siyasətdə inqilabi islahatlar... - ŞƏRHLƏR

Sosial siyasətdə inqilabi islahatlar... - ŞƏRHLƏR

Prezident İlham Əliyevin son addımları bu faktoru təsdiqləyir

Güclü və ciddi iqtisadi islahatlar düşünülmüş sosial siyasətlə irəliləyən Azərbaycan son 16 ildə sürətli inkişafı sosial sahədə irimiqyaslı islahatlar aparmağa imkan yaradıb. Azərbaycan hökuməti iqtisadi islahatlardan əldə edilən gəlirlər hesabına sosial proqramları genişləndirib. Belə ki, dövlət başçısının son 16 ildə imzaladığı fərman və sərəncamlar, həmçinin xüsusi dövlət proqramları əhalinin sosial müdafiəsini gücləndirib. Maliyyə imkanları möhkəmləndikcə ölkədə həyata keçirilən sosial tədbirlərin sayı artıb.

Ölkə Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı keçirilən son müşavirədə çıxışı zamanı da qeyd edib ki, ölkədə aparılan ciddi iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlər büdcə gəlirlərinin artmasına, maliyyə imkanlarının əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaradıb. Bu bir real faktordur ki, Prezident İlham Əliyev daima sosial problemlərin həllini diqqət mərkəzində saxladığına görə yaranmış imkanların ilk növbədə məhz sosial sahəyə yönəldilməsini təmin edib. Beləliklə, minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, həmçinin qısa müddətdə digər ödənişlərin verilməsi kimi mühüm addımlar atıldı və dövlət başçısı bütün bunları həyata keçiriləcək böyük sosial paketin yalnız bir hissəsi kimi qiymətləndirdi.

İsa Həbibbəyli: "Təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindəndir"

AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, iyunun 18-də dövlət başçısının müvafiq sərəncamları ilə minimum əməkhaqqının və müxtəlif kateqoriyalar üzrə əməkhaqlarının sentyabrın 1-dən artırılması Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasətin parlaq nümunəsidir: "Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il iyunun 18-də bir çox dövlət qurumlarında, eyni zamanda, elm və təhsil müəssisələrində çalışan əməkdaşların maaşlarının artırılması ilə bağlı imzaladığı sərəncamlar aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir".

İ.Həbibbəyli bildirib ki, aparılan iqtisadi islahatlar və əldə olunan nailiyyətlər sayəsində bu gün ölkənin bütün sahələrində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılır.

Akademik qeyd edib ki, Prezidentin "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında", "Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında", "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında" sərəncamları elm və təhsil sahəsində çalışanların üzərinə böyük məsuliyyət qoyur: "Biz elm və təhsil işçiləri bundan sonra daha da səylə çalışacağıq ki, Azərbaycan elminin inkişafına öz töhfələrimizi verək".

Nəsib Məhəməliyev: "Minimum əmək haqlarının artırılması aparılan sosial siyasətin məntiqi nəticəsidir"

"Minimum əmək haqlarının birdən - birə 180 manatdan 250 manata qaldırılması olduqca alqışlanmalı haldır. Minimum əmək haqlarının artırılması cənab prezidentin apardığı sosial siyasətin məntiqi nəticəsidir". Bunu açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. Millət vəkili bildirib ki, bu artım təkcə dövlət sektorunda çalışan vətəndaşları əhatə etmir, eyni zamanda, bütövlükdə özəl sektorda çalışan işçilərin də əmək haqlarına da təsir edəcək. Yəni, hər iki sektorda çalışanların minimum maaşı 250 manatdan aşağı ola bilməz: "Bu, bütövlükdə hər kəsin həyatına müsbət təsir göstərəcək. Bu qərar Azərbaycan xalqının, ələlxüsus da maddi durumu bir qədər aşağı olan əhalinin rifah halının daha da yüksəldilməsinə yönəlib. Mən bunu alqışlayıram. Hesab edirəm ki, bu artım Azərbaycan daxilində milli valyutanın devalvasiyasına, yaxud da infilyasiyaya səbəb olmayacaq. Çünki infilyasiya, və devalvasiya hökumətin nəzarətindədir. Azərbaycanda bu sahədə sistemli iş aparılır. İnanmıram ki, bu artım hər hansı bir infilyasiyaya səbəb olacaq. Bu inandırıcı deyil. Bəzi hallarda populizm xatirinə və yaxud, siyasi maraqlar xatirinə müəyyən siyasi düşərgələrdə təmsil olunan iqtisadçılar bu fikirləri irəli sürürlər. Hesab edirəm ki, bir çox hallarda olduğu kimi bu dəfə də onların proqnozları özünü doğrultmayacaq".

Millət vəkili bildirib ki, minimum əmək haqqının 180 manatdan 250 manata qaldırılması inqilabı addımdır: "İndiyə qədər bir çox belə sərəncamlar olub, ancaq bu cür sıçrayışla ilk dəfə rastlaşmışıq. Bu sərəncam indiki zamanda Azərbaycanın iqtisadi imkanlarına adekvat addımdır. Əlbəttə, iqtisadi imkanlarımız yüksək olmasaydı, belə bir addım atmaq mümkün olmazdı. Dövlət başçısının sərəncamı nəticə etibarı ilə Azərbaycan xalqının, ələlxüsus sosial baxımdan aşağı səviyyədə yaşayan vətəndaşlarımızın rifah halının yaxşılaşmasına xidmət edən bir addımdır".

Məhəbbət İbrahimova: "Azərbaycan müstəqil olandan indiyədək bir il ərzində bu qədər addım atılmayıb"

YAP Nərimanov rayon təşkilatınnı qadınlar şurasınnı sədri Məhəbbət İbrahimova bildirib ki, Azərbaycan müstəqil olandan indiyədək bir il ərzində bu qədər addım atılmayıb: "Bu, onu göstərir ki, Azərbaycanda sosial layihələrə xüsusi önəm verilir. Prezident İlham Əliyev xalq üçün çalışır, dediyi "Hər bir azərbaycanlının prezidentiyəm" ifadəsini əməli ilə təsdiq edir".

M.İbrahimova onu da vurğulayıb ki, minimum əməkhaqqı 250 manata qaldırıldı, yüz minlərlə insanın maaşı 40 faiz artırıldı: "Bu Prezident İlham Əliyev ölkə əhalisinin rifah halının gücləndirilməsi istiqamətində növbəti addım atıb. Sərəncama əsasən artıq sentyabrın 1-dən etibarən Azərbaycanda minimum aylıq əmək haqqı 180 manatdan 250 manata qaldırılıb. Xatırladaq ki, minimum əmək haqqı bu il martın 1-dən 130 manatdan 180 manata qaldırılmışdı. Həmin zaman artım birbaşa olaraq 600 minədək insanı əhatə edib. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım olub. Bir sözlə, bütün bu uğurlu nailiyyətlər bir daha ölkə rəhbərliyinin yürütdüyü sosial siyasətin əhalinin bütün təbəqələrinin mənafeyinə cavab verdiyini göstərir".

Beləliklə, əhalinin rifahının yüksəldilməsini şərtləndirən verilən sərəncamların, hökumətin qərarlarının yerlərdə vaxtında və yüksək səviyyədə icra olunmasıdır. Əhalinin sosial durumunun yüksəlməsi həm də ölkədə sabitliyə və davamlı inkişafa təminatdır. Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında görülən işlər ölkəmizdə iqtisadi islahatların dərinləşməsini və Vətənimizin bazar iqtisadiyyatı istiqamətində müvəffəqiyyətlə irəliləməsini, xalqın həyat səviyyəsinin dinamik olaraq yaxşılaşmasını bir daha sübut edir. inkişaf sahəsində əldə etdiyi uğurlu nəticələr deməyə əsas verir ki, Azərbaycan uğurlu inkişafdadır. Ən başlıcası isə qazanılan iqtisadi uğurlar sosial siyasətin genişlənməsinə yeni imkanlar yaradır. Çox qürurverici ənənədir ki, həyata keçirilən sosial siyasət tamamilə Azərbaycan vətəndaşının həyatını müsbət istiqamətdə dəyişdirməyə, insanların özlərini güvənli hiss etməyə sövq edir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə