“Azərbaycanda mötəbər idman yarışları tam təhlükəsiz şəraitdə təşkil edilir” - AÇIQLAMA - ÖZƏL
“Dünən Bakıda cüdo üzrə “Böyük Dəbilqə” turnirinə yekun vuruldu. Bu yarış da ölkəmizdə keçirilən digər yarışlar kimi yüksək səviyyədə təşkil edildi. Sözügedən turnirə 60-a yaxın ölkədən nümayəndələr gəlmişdilər. Onlar Azərbaycan haqqında yüksək fikirlər səsləndirirlər. Azərbaycanda dünyanın ən mötəbər idman yarışları tam təhlükəsiz şəraitdə, uğurla təşkil edilir”. Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
O qeyd edib ki, bu yaxında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı Marafonunda 22 min iştirakçı çıxış edib. Çoxsaylı ölkələrdən olan şəxslərin marafonda uğrula iştirak etdiyini bildirən Baş İdarə rəisi ölkəmizdə hər zaman beynəlxalq yarışların tam təhlükəsiz şəraitdə keçildiyini vurğulayıb: “Azərbaycan 27 ildir müstəqil dövlət olmasına baxmayaraq, çox böyük iri miqyaslı tədbirlərə peşəkarlıqla ev sahibliyi edir. Təəssüflər olsun ki, ölkəmizdə keçirilən böyük beynəlxalq tədbirlər, konfranslar, musiqi müsabiqələri, idman yarışları öncəsi Azərbaycanı istəməyən, onun uğurlarına sevinməyən, görünən və görünməyən qara qüvvələr qarayaxma kampaniyasına başlayırlar. İndi də Bakıda bir neçə həftə sonra keçiriləcək qitənin ən böyük futbol yarışlarından olan Avropa Liqasının final oyununun təşkili ilə bağlı qara piyar aparırlar. Azərbaycanda keçirilən güləş, cüdo, boks və s. digər növlər üzrə mötəbər beynəlxalq turnirlərdə, I Avropa Oyunlarındakı yarışlarda erməni idmançılar iştirak ediblər. Onların hamısına zəmanət verilib və heç birinə heç nə olmayıb. İndi də “Arsenal”ın erməni futbolçusunun təhlükəsizliyinə Azərbaycan tərəfindən tam təminat verilib.
Əgər Azərbaycanın təşkilatçılığı və ya təhlükəsizliyi ilə bağlı öyrənmək istəyirlərsə, son bir neçə ilin yarışlarının dinamikasına və dünya mətbuatında tanınmış idmançıların, mütəxəssislərin təşkilatçılıq haqda rəylərinə baxsınlar. “Arsenal” komandası “Qarabağ”la həm Avropa Liqasında, həm də Çempionlar Liqasında Bakıda görüşüb və burada böyük coşğu, hörmətlə qarşılanıb. “Liverpul”un baş məşqçisi 2010-2011-ci il mövsümündə “Qarabağ”la oyunda Dortmund “Borussiya”sının baş məşqçisi olub. Həmin vaxt mətbuat konfransında onun Azərbaycan haqqında fikirlərini əks etdirən videogörüntülər, açıqlamalar var. I Avropa Oyunlarında Ukraynadan çıxış edən erməni əsilli boksçunu Azərbaycan Prezidenti şəxsən təltif edib. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan haqqında deyilən yalanlar ölkəmizi sevməyən bir qrup insanların qarayaxmasıdır”.
R.Abbasov bildrib ki, Azərbaycanın uğurlarını mərkəzi bir yerdən, mənbəyi eyni insanlar olan qüvvələr həzm edə bilmirlər. Onun sözlərinə görə, hansısa ölkə hər hansı bir yarışa ev sahibliyi etmək öhdəliyi götürməmişdən öncə namizədliyini irəli sürəndə beynəlxalq mütəxəssislər öhdəliklərin həyata keçirilməsini yerinə yetirə biləcəklərini inspeksiya edib, rəy verirlər: “Mayın 29-da keçiriləcək Avropa Liqasının final oyunu son mərhələdir. Axı buna qədər olan mərhələlər var idi. Bu namizədliyə “hə” deyən inspeksiya hər şeyi yoxladıqdan sonra rəy verib. Onlar görürlər ki, öhdəliklərin icraatı mümkündür. Ölkəmiz nəinki bu yarışa, bundan sonra da bir çox beynəlxalq yarışlara uğurla ev sahibliyi edəcək. Bu, Azərbaycanın qüdrətini, gücünü, beynəlxalq yarışlara ev sahibliyi etməyə hazır olduğunu, dünyaya qucaq açdığını, onun bir parçası olduğunu nümayiş etdirir. Məqsədimiz ölkəmizi, inkişaf etmiş idmanımızı daha da yaxından tanıtmaq, turizmi inkişaf etdirmək, Azərbaycanın tolerant, multikultural, yüksək mədəniyyətə sahib, yüksək peşəkarları, güclü dövlətçiliyi olan ölkə olduğunu göstərməkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB