"Şəhid ailələri və müharibə əlillərinə verilən mənzillərin sayı 6654-ə çatdırılıb"

"Şəhid ailələri və müharibə əlillərinə verilən mənzillərin sayı 6654-ə çatdırılıb"

"2018-ci ilin 1 avqust tarixində şəhid ailələrinə və müharibə əlillərinə mənzillərin və minik avtomobillərinin təqdim olunması tədbirində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etmiş və həmin tədbirdən bir gün sonra cənab Prezidentin imzaladığı Sərəncamla ayrılmış vəsait hesabına 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə verilən mənzillərin sayı 3 dəfədən çox artırılaraq 626-ya, indiyədək verilən mənzillərin sayı 6 654-ə çatdırılıb". SİA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Qarabağ müharibəsi əlillərinə ötən il 265 avtomobil verilməklə, bu kateqoriyadan olanlara təqdim olunan avtomobillərin sayı isə 6 144-ə çatıb.

S.Babayev qeyd edib ki, 28 yanvar 2019-cu il tarixli Sərəncamla Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə daha 35 milyon manat ayrılıb və cənab Prezidentin tapşırığı ilə bu il azı 800 mənzilin verilməsi nəzərdə tutulub: "Digər tərəfdən, 30 yanvar 2019-cu il tarixli Fərmanla şəhid ailəsi üçün Prezidentin təqaüdünün aylıq məbləği 58 manat artırılaraq 2019-cu il fevralın 1-dən 300 manata çatdırılıb. Hazırda 12 mindən çox şəhid ailəsini əhatə edən bu təqaüdlər cənab Prezidentin müvafiq tapşırıqları əsasında ötən dövrdə 3 dəfə artırılıb".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə