"Mərakeş və Azərbaycan arasında sıx əlaqələr mövcuddur"

"Mərakeş və Azərbaycan arasında sıx əlaqələr mövcuddur"

Bakıda Mərakeşin milli bayramı - Taxt-tac günü münasibətilə rəsmi qəbul təşkil edilib. "Report"un xəbərinə görə, səfir Məhəmməd Adil Embarş tədbirdə çıxış edərək Mərakeşin son 12 ay ərzində əldə etdiyi nailiyyətlərdən danışıb.

Azərbaycan və Mərakeş arasındakı əlaqələrin müxtəlif sahələrdə inkişafından bəhs edən səfir Azərbaycana Saxara məsələsində konstruktiv mövqeyi və Mərakeşin ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkürünü bildirib. Onun sözlərinə görə, iki ölkə arasında ticarət həcmi sabit şəkildə artmaqda davam edir, siyasi əməkdaşlıq həm ikitərəfli əlaqələr, həm də beynəlxalq səviyyədə imkişaf edir.

Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə səfiri Gündüz Cəfərov qəbulda çıxış edərək əlamətdar gün münasibətilə Mərakeş xalqını Azərbaycan hökuməti adından təbrik edib.

İki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini qeyd edən G.Cəfərov deyib ki, mövcud siyasi dialoq ölkələr arasındakı əməkdaşlığın inkişafına xüsusi töhfə verir: "İqtisadi sahədə də yaxşı əməkdaşlığımız mövcuddur. İmzalanmış və imzalanmağa hazırlanan sazişlər ikitərəfli əlaqələrin daha da güclənməsinə xidmət edir. Mədəni, sosial sahələrdə də yaxşı əlaqələrimiz var. Əminəm ki, iki ölkə arasında mövcud dostluq əlaqələri gələcəkdə də xalqlarımızın rifahına xidmət edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə