Ümummilli lider Heydər Əliyev Azərbaycanda müstəqil elektrik enerjisi sisteminin yaradıcısıdır
Dekabrın 11-də “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (ASC) Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar “Ümummilli lider Heydər Əliyev Azərbaycanda müstəqil elektrik enerjisi sisteminin yaradıcısıdır” mövzusunda anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin “Azərenerji” ASC-nin Aparatının binasındakı büstü önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Dahi rəhbərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra tədbiri açan “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib ki, bugünkü müstəqilliyin, o cümlədən enerji müstəqilliyinin əsası Ulu Öndərin respublikaya birinci rəhbərliyi dövründə qoyulub. Müstəqillik illərində də Ulu Öndər enerji sisteminin gücləndirilməsini vacib sayıb və müasir texnologiyaların tətbiq olunduğu yeni elektrik stansiyalarının, enerji bloklarının, elektrik verilişi xətlərinin, yarımstansiyaların istismara verilməsini təmin edib, bir sözlə, irimiqyaslı layihələr həyata keçirib.
Qeyd edilib ki, ümumiyyətlə, Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər sabitlik, inkişaf illəri olub. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı mükəmməl daxili və xarici siyasət sayəsində müstəqil dövlətimizin gücü, qüdrəti artmaqdadır. Dövlət başçısı Ulu Öndərin elektrik energetikası ilə bağlı arzularını, ideyalarını hazırda uğurla həyata keçirir. Bu gün Azərbaycanda elektrik enerjisi istehsalı nəinki daxili tələbatımızı tam ödəyir, həm də ixrac potensialı yaranıb. Enerji sistemində yeni texnologiyaların tətbiqi, o cümlədən enerji sisteminin idarə edilməsində kompüter şəbəkələrindən və robot texnikasından daha səmərəli istifadə olunması imkanları artırılır.
“Ulu Öndərin xatirəsi daim bizimlədir. Bu gün müstəqil Azərbaycanın inkişafı, xalqımızın rifahının yüksəlişi naminə görülən işlər Ümummilli Liderin xatirəsinə ehtiramın bariz təcəssümüdür. Energetiklər də ölkə rəhbərinin ətrafında sıx birləşərək Heydər Əliyev ideyalarının bundan sonra da uğurla həyata keçirilməsinə öz töhfələrini verəcəklər”, - deyə “Azərenerji”nin rəhbəri vurğulayıb.
Milli Məclisin deputatı Aydın Mirzəzadə tədbirdə çıxış edərək bildirib ki, bütün həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş ulu öndər Heydər Əliyev hələ sovet hakimiyyəti dövründə ölkəmizin gələcəyini görərək xalqın milli şüurunun oyanması və respublikanın müstəqilliyi üçün ilkin təməllər atıb. Ümummilli Liderin siyasətinin nəticəsidir ki, energetika sahəsində köklü islahatlar aparılıb və elektrik enerjisi baxımından heç bir problem yoxdur.
Daha sonra Xalq Şairi Nəriman Həsənzadə ulu öndər Heydər Əliyevin fenomenal keyfiyyətlərindən danışıb, Ümummilli Liderlə bağlı xatirələrini bölüşüb. O, eyni zamanda, Ulu Öndərin Azərbaycan mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına göstərdiyi diqqət və qayğıdan söz açıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB