Yayın istisində susuz qalmağın nə demək olduğunu yəqin ki, Bakıda və onun ətrafında yaşayanlar daha yaxşı bilir. Səhralarda uzun-uzadı yol gedən karvandakıları buna tay tutmaq olmaz, çünki səhra adamları dəqiq bilirlər ki, səhrada su yoxdur, buna görə də ehtiyat su tədarük edirlər ki, əzablı ölümün dadını hiss etməsinlər. Bizdə isə söhbət başqadır. Heç kim zəmanət verə bilməz ki, iki-üç gün mütəmadi gələn su sabah da gələcək. Bunu səbəbi heç də Bakını su ilə təmin edən bulaqların, çayların quruması deyil, aidiyyəti qurumların nəzarəti düzgün qura bilməməsindədir. SİA-nın poçtuna gələn şikayət məktubları bir-iki ədəd olsaydı bəlkə də bunu epizodik hal adlandırardıq. Amma...
İki gün bundan öncə redaksiyamıza Suraxanı rayon Yeni Günəşli qəsəbəsi sakini İlham Dünyamalıyev adlı abonent şikayət etmişdi. Bizimlə söhbətində şikayətçi bildirmişdi ki, onun evində smart kartla işləyən müasir su sayğacı quraşdırılıb: "Ayda nə qədər su istifadə edəcəyimizi nəzərə alıb smart karta bir o qədər pul yatırırıq. Evə gəldim ki, suyumuz kəsilib. Düşündüm ki, yəqin kartda pul bitib, ona görə də terminal vasitəsilə karta yenə pul vurdum. Gəldim evə, kartı cihaza qoşdum, su yenə gəlmədi. “Azərsu”-nun Suraxanı rayon şöbəsinə zəng etdim, mütəxəssis gəldi, sayğaca baxıb sizin 221 manat su borcunuz var, dedi. Dedim ki, bizim sayğac smart kartla işləyir, mənim borcumun olması mümkün deyil. Su idarəsinin işçisi problemi həll etmək üçün məni ofislərinə dəvət etdi. Mənə orada bir daha başa salmağa çalışdılar ki, su sayğacında nasazlıq olduğu üçün sizə çox su ötürülüb. Əgər mən o pulun heç olmasa 60 faizini ödəməsəm susuz qalacağam. Yayda susuz qalmamaq üçün əlacsız qalıb cu “borcumun” 90 faizini ödəməli oldum. İndi mən bir məsələni başa düşmürəm, əgər sayğac smart kartla işləyirsə, əlavə borc haradan yarana bilər və cihazın xarab olmasının abonentə nə dəxli var? Bir tərəfdən deyirlər ki, cihazın işləməsi, xarab olanda təmir edilməsi su idarəsinin işidir, cihaza toxunmaq olmaz, əks təqdirdə cərimələnə bilərsiniz. Bəs onda kim zəmanət verə bilər ki, su idarəsi abonentə kələk gəlmir? Yox, su sayğacının belə problemləri varsa niyə bu barədə abonentlərə vaxtında xəbər verilmir. Smart kartla işləyən belə nasaz su sayğaclarını ölkəmizə kim gətirib? Abonent "Azərsu"nun xətasına görə niyə əlavə pul ödəməlidir. Olmazmı ki, mexanika ilə işləyən su sayğaclarından istifadə edilsin və belə problemlər yaşanmasın?”.
Məktubda yazılanları araşdırmaq üçün “Azərsu”nun Suraxanı rayon şöbəsinə müraciət etdik. Şöbənin məsul işçisi Mənsur (Soyadını dəqiqləşdirə bilmədik – müəl.) adlı şəxslə əlaqə saxladıq. O bizimlə söhbətində də etiraf etdi ki, həqiqətən belə problemlər mövcuddur: “Çünki quraşdırılan sayğacların təxminən 90 faizi yararsızdır. Ərazimizdə 31 mindən çox abonent var. Əksəriyyəti bu problemlə bizə müraciət edirlər. Sizin dediyiniz ünvanda da oxşar problemdir. Bir sözlə günah bizdədir”.(Mənsur müəllimin səs qeydləri var – müəl.)
“Sayğacın nasaz işləməsinin cəzasını niyə abonent çəkməlidir” sualına isə Mənsur adlı şəxs bildirdi ki, şikayətçi İlham Dünyamalıyev bir daha bizim idarəyə gəlsin, görək nə edə bilərik… Və beləliklə, qurumda çalışanların işə laqeyd yanaşması səbəbindən abonentlər ya artıq pul ödəməli olurlar, ya da yayın istisində susuz qalmağa məhkum edilirlər.
İkinci şikayət məktubu isə Qaradağ rayon Muşviqabad qəsəbəsi bina-5d, mənzil - 122-də yaşayan Aidə Rüstəmova tərəfindən göndərilib. Şikayətçi bildirir ki, 3 gündür suyumuz kəsilib: “Səbəbi isə bəlli deyil. Gedirik idarəyə, fəhlələrdən başqa kimsəni tapa bilmirik. Əlimiz ətəyimizdən uzun yenə qayıdıb gəlirik. Bu problemə kim əncam çəkəcək, bilmirik. İdarədə olanda fəhlələrdən biri dedi ki, sizin binanın suyu bir abonentin borcu ucbatından kəsilib. Mən başa düşə bilmirəm, kiminsə borcu var deyə mən və mənim övladlarım yayda susuz qalmalıyıq? Bu, nə qaydadır, mən özümə cavabdehəm, mənim borcum yoxdursa, su ilə təchiz edilməliyəm”.
Üzümüzü “Azərsu”nun rəsmilərinə, məsul şəxslərinə tutub deyirik, bütün bu şikayətlər sizdəndir, cənablar. Süni narazılıqlar yaratmaq, kimə və nə üçün lazımdır? Vətəndaşın haqlı olduğunu, su idarəsi işçisinin etirafını və nəhayət hər kəsin bildiyi reallığı yazdıq. İndi sözünüz nədir? Vətəndaş aylıq maaşının 60 faizini sizin işləməyən, yaxud hesabı düz aparmayan cihazınızın səhvi ucbatından yaranan “borc”a niyə xərcləsin?
Mövzuya yenə qayıdacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə