Bişkekdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə bağlı beynəlxalq konfrans keçirilib FOTO
Bişkekdə 2017-ci ilin may ayının 2-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibəti ilə Qırğız Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Heydər Əliyev və Dövran" adlı beynəlxalq konfrans keçirilib.
Azərbaycan Respublikasının Qırğızıstandakı Səfirliyindən SİA-ya verilən məlumata görə, beynəlxalq konfransda Qırğız Respublikası Prezidenti Aparatının, Hökumətin nümayəndələri, Qırğızıstanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri, ölkənin ictimai-siyasi xadimləri, Qırğızıstanın 29 regionunun dövlət qulluqçuları, Akademiyanın rəhbərliyi və professor-müəllim heyəti, magistrlar, tələbələr, Azərbaycan diasporunun nümayəndələri və jurnalistlər iştirak etmişlər.
Konfransın əvvəlində iştirakçılar Akademiyanın foyesində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətlərini əks etdirən foto və kitab sərgiləri ilə tanış olublar.
Daha sonra Ulu Öndər Heydər Əliyev haqqında "Heydər Əliyev ilə bir gün" adlı sənədli film nümayiş etdirilib.
Konfransı giriş sözü ilə açan Qırğız Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Almaz Nasırov qeyd edib ki, Heydər Əliyev kimi dahi, tarixi və dünyamiqyaslı şəxsiyyətin doğum gününə həsr olunan beynəlxalq konfransın rəhbərliyini etdiyi Akademiyada keçirilməsindən şərəf hissi duyduğunu, Akademiyanın tələbələrinin belə bir şəxsiyyəti hər zaman özlərinə misal götürmələrini söyləyib.
Sonra Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna rolu haqqında məlumat verib.
Səfir Ümummilli liderin ad gününün yalnız əlamətdar təqvim günü olmadığını, bu günün həmçinin ölkəmizin Heydər Əliyevə nələr borclu olduğunu yada salmağa imkan verdiyini vurğulayıb.
Hidayət Orucov, ölkənin yalnız tarixini deyil, həm də qurucularını yadda saxlamağın vacib olduğunu, onların dahi şəxsiyyətlər və ölümsüz olduqlarını, onların hər zaman gələcək nəsillərin qəlblərində yaşayacağını qeyd edərək, belə əvəzolunmaz şəxslərdən birinin Heydər Əliyev olduğunu söyləyib.
O, Ulu Öndərin həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi illərdə əldə olunan uğurlardan danışmışdır. Ümummilli Lider Heydər Əliyevin keçmiş SSRİ-nin rəhbərlərindən biri olduğunu diqqətə çatdıran səfir Ulu Öndəri dünya şöhrətli siyasi xadim, böyük nüfuza malik olan dövlət xadimi kimi xarakterizə edib.
Bildirib ki, Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətləri olub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Heydər Əliyevin təşəbbüslərindən danışan səfir qeyd edib ki, BMT Təhlükəsizlik Şurası Ermənistan hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, məcburi köçkünlərin ev-eşiklərinə qaytarılması ilə əlaqədar dörd qətnamə qəbul edib. Lakin işğalçı Ermənistan dövləti hələ də bu sənədləri yerinə yetirmir və bununla da dünya ictimaiyyətinə meydan oxuyur.
Səfir böyük dövlət xadimi Heydər Əliyevin qırğız xalqına da xüsusi diqqət və məhəbbət ilə yanaşdığını dilə gətirib.
Diplomat bildirib: "Ulu öndər Heydər Əliyev deyirdi: "Manas"ın dili – bizim ümumi dilimizdir. Biz kökü bir, dili bir olan xalqlarıq".
Səfir Azərbaycanın əldə etdiyi nailiyyətlərindən danışıb, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizin dünya miqyasında qazandığı nüfuzun banisi olduğunu vurğulayıb.
Sonra söz Qırğız Respublikası Xarici İşlər Nazirliyinin İkinci Siyasi departamentinin direktoru Kanat Tursunkulova verilib. O, Heydər Əliyevin Qırğız Respublikasına 1995-ci ildə səfərinin qırğız xalqının yaddaşından silinməyəcəyinin, həmin səfərin ölkələrimiz arasında əlaqələrin sütununu qoyduğunu bildirib. O, Heydər Əliyevin fenomen şəxs olduğunu, onun bütün türk dünyasında olduğu kimi, Qırğızıstanda da hər zaman yad edildiyini və sevildiyini qeyd edib. Diplomat, Heydər Əliyev tərəfindən başlanan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən böyük siyasətin nəticəsində Azərbaycanın çox inkişaf etdiyini və bununla qırğız xalqının çox fərəhləndiyini söyləyib.
Daha sonra konfransda çıxış edən diplomatik nümayəndəliklərin rəhbərləri Türkiyə Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Mətin Kılıç, Qazaxıstan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Ayımdos Bozjiqitov, Özbəkistan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Komil Rəşidov Heydər Əliyevin Azərbaycan Respublikasının bərpasında və inkişafında böyük rolundan, onun dünyada miqyasında siyasi xadim olduğundan, onun təkcə Azərbaycan xalqı deyil, bütövlükdə türk dünyası qarşısındakı xidmətlərindən söhbət açıblar.
Sonra çıxış edənlər - Qırğız Respublikasının Baş nazirinin müşaviri, Qırğızıstan Xalqı Assambleyasının sədri Tokon Mamıtov və Qırğız Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri, professor Nurlan Aytmurzayev Ulu Öndərin SSRİ dövründə yüksək vəzifələrdə işlədiyi dövrlərdən, onun xalqın və vətənin çox sevməsindən və SSRİ ziyalıları arasında qazandığı hörmətdən söz açıblar.
Sonra beynəlxalq konfrans panel mövzuları ilə davam etmişdir. Panelə moderatorluq Qırğız Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Baktıkan Toroqeldiyeva edib. Paneldə İkinci Dünya müharibəsi veteranı, Qırğız Respublikasının əməkdar inşaatçısı Əsəd Həsənov "Mənim Heydər Əliyev ilə görüşlərim", Qırğızıstan Xalqı Assambleyasına daxil olan Özbək Milli-Mədəni Mərkəzinin sədri Baxtiyarjan Fəttahov "Heydər Əliyevin türk xalqları arasında rolu", Bişkek şəhərinin 44 saylı orta məktəbinin direktoru Flora Xəlilova "Dahi şəxsiyyətin tarixdəki rolu", Qırğız Respublikasının Prezidenti yanında Əfv Komissiyasının üzvü Aydın Alaferdov "Heydər Əliyev - müstəqil Azərbaycanın qurucusu" və Qırğızstanın Çuy vilayətinin kitabxanasının direktoru "Heydər Əliyev - ürəyimizin bir hissəsi" mövzularında məruzələr ediblər.
Konfransın bağlanış çıxışın edən Qırğız Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Almaz Nasırov Bişkekdə qırğız və rus dillərində çap olunan səfir Hidayət Orucovun "Heydər Əliyevin Milli Siyasəti" kitabının və Azərbaycan ilə bağlı çoxlu sayda kitabların Akademiyaya hədiyyə olunmasına görə Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyinə təşəkkür edib, keçirilən konfransın Akademiyanın tarixində hər zaman qalacağını vurğulayıb.
Sonda səfir Hidayət Orucov Akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB