Sərhəd pozucuları yaxalanıb

Dövlət Sərhəd Xidməti tərəfindən bayram günlərindədövlət sərhədinin pozulması cəhdlərinin mümkünlüyü ilə əlaqədar xidməti fəaliyyətin güclən-dirilməsi və sayıqlığın daha da artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən SİA-ya verilən məlumata görə, bu tədbirlər nəticəsində 2017-ci ilin 21 mart tarixində Ağstafa rayonunun Sadıxlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 1987-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Elgün Nadir oğlu İsmayıl-Necatın dövlət sərhədini qanunsuz pozaraq Gürcüstan ərazisinə keçmə cəhdinin qarşısı alınmışdır. Sərhəd naryadının qanuni tələbinə tabe olmayan sərhəd pozucusu müqavimət göstərərək hadisə yerindən qaçmağa cəhd etmiş, lakin DSX əməkdaşları tərəfindən yaxalanmışdır.

Fakt üzrə keçirilmiş tədbirlər nəticəsində vətəndaş E.N.İsmayıl-Necatın ağır cinayət törətdiyinə görə beynəlxalq axtarışda olması müəyyənləşdirilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədinin pozulmasına vasitəçilik etmiş 1962-ci il təvəllüdlü Ağstafa rayon sakini Gündüz İsmayıl oğlu Quliyev müəyyənləşdirilərək saxlanılmışdır.

Dövlət sərhədinin pozulmasına cəhd ilə əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə