Suraxanı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda ümumrayon bayram şənliyi keçirilib. Bayram tədbirində Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB yanında Şuranın üzvləri, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, sənaye müəssisələrinin rəhbərləri, 2 mindən yuxarı rayon ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Baharın gəlişi münasibətilə Məbədi"nin qarşısı başdan-başa bayram libasına bürünüb. "Atəşgah Meydanın ortasına yerləşdirilmiş böyük səməni şənliyə xüsusi yaraşıq verib.
Meydana toplaşmış çoxsaylı rayon ictimaiyyətinin nümayəndələri Bakı şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğundan od götürmək üçün gələn qonaqları böyük mehribanlıqla qarşılayıblar. Qonaqlar da rayonun bayram şənliyinə qoşulublar.
Şən, oynaq musiqi sədaları ətrafı bürüyüb. Milli geyimli qızlar, oğlanlar meydanda rəqs ediblər. Baharı, Azərbaycanı tərənnüm edən mahnılar dalğa-dalğa hər tərəfə yayılaraq, bayram mərasiminin iştirakçılarında xoş ovqat doğurub.
El ağsaqqalı Dədə Qorqud xalqımızı qədim el bayramı münasibətilə ürəkdən təbrik edib. Azərbaycanın xoşbəxt gələcəyi, firavanlığı, ölkəmizin dirçəlişi və ərazi bütövlüyünün bərpası naminə gördüyü işlərdə Azərbaycan Respublikasının Prezidentini Cənab İlham Əliyevə uğurlar arzulayıb.
Rayon ağsaqqallar şurasının sədri Arif Babayev "Atəşgah məbədi"ndən götürdüyü odla bayram tonqalını alovlandırıb.
Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov rayon sakinlərini təbrik edərək, tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunduğunu xüsusi vurğulayıb:"Novruz bayramı yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən ölkədə siyasi hakimiyyətə qayıdışından sonra Novruz bayramı milli dövlət bayramı səviyyəsinə yüksəldilib. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən, milli-mənəvi dəyərlərimizi yaşadan möhtərəm Prezidentimiz Cənab İlham Əliyev də hər il bayram günü xalqa təbrik ünvanlayır, paytaxt küçələrində təşkil olunan bayram şənliklərində iştirak edir və onlarla öz sevincini paylaşır. Dövlət başçısının bu addımı xalq tərəfindən böyük rəğbətlə qarşılanır".
Rayon rəhbəri bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xalqın milli varlığını özündə yaşadan hər bir maddi-mənəvi və intellektual irsə böyük həssaslıqla yanaşır, milli mədəniyyətimizin dünya arenasına çıxmasında və təbliğində çox böyük işlər görür.
Bayram şənliyində tanınmış incəsənət ustaları, rayonun mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirib, "Kosa, Keçəl və Bahar qız" tamaşasını göstərib, rəngarəng konsert proqramı ilə çıxış ediblər. Bayram şənliyində bir tərəfdə gənc pəhləvanlar xalça üzərində qurşaq tutub, idmançılar, kəndirbazlar öz məharətlərini göstərib, digər tərəfdə isə qədim şərq bazarı, sərgilənən misgərlik əşyaları, xalça, palac, kilim iştirakçıların marağına səbəb olub. Bu əziz bayramı Suraxanı sakinləri böyük sevinc və fərəhlə qeyd edirlər.
Bayram tədbirləri rayonda davam etməkdədir.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB