Rusiya Federasiyasının Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında alimlərin və gənclərin iştirakı ilə "Qloballaşma dövründə beynəlxalq münasibətlər" mövzusunda "dəyirmi masa" olub.
Siyasi elmlər namizədi Aleksandr Barsukov qeyd edib ki, SSRİ dağılandan sonra keçmiş sovet respublikaları elə vəziyyətə düşüblər ki, öz aralarında qarşılıqlı əlaqələrin yeni modelini yaratmalı olublar. Problem hər yerdə müxtəlif yollarla həll edilib. Bu işdə xalq və ya ictimai deyilən diplomatiya qalib gəlib. Alim bildirib ki, hazırda Rusiya Siyasi Elmlər Assosiasiyasında bu fenomenin tədqiqi və öyrənilməsi üzrə xüsusi komitə yaradılır.
Moskva Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri Natalya Krasovskaya hesab edir ki, bu, vaxtında görülən tədbirdir, çünki müasir şəraitdə hər hansı dövlətdə millətlərarası siyasət qurmağın ən başlıca vasitələrindən biri məhz xalq diplomatiyasıdır. Belə ki, xalq diplomatiyasında siyasi fəaliyyət dövlət səviyyəsindən əhali səviyyəsinə çıxarılıb. N.Krasovskaya deyib: "Ölkələrimiz arasında münasibətlərin 10-30 il sonra necə olacağı hər birimizdən asılıdır. Gənclərin bu prosesə qoşulması çox əhəmiyyətlidir. Mən tez-tez MDB ölkələrində oluram və görürəm ki, humanitar əməkdaşlıq, elm və mədəniyyət sahələrində geniş əlaqələr mövcuddur. Hazırda Azərbaycandan 14 min tələbə Rusiyanın ali məktəblərində təhsil alır, orada bizim universitetlərin filialları açılır. Xalq diplomatiyasının qüvvəsi ilə bu meyilləri inkişaf etdirmək çox əhəmiyyətlidir. Şəxsi təəssüratlar da böyük rol oynayır. Mən birinci Avropa Oyunları zamanı Bakıda rusiyalı könüllülərlə söhbət etmişəm. Onların ölkəyə əvvəlki və sonrakı münasibəti arasında yerlə göy qədər fərq var. Onlar Azərbaycanın vurğunu olaraq onu tərk ediblər".
"Dəyirmi masa"nın gənc iştirakçıları xalqlar dostluğunu, o cümlədən sosial şəbəkələr və KİV-lərdə videomateriallar vasitəsilə necə təbliğ etmək barədə çoxsaylı nümunələr gətiriblər. Bundan əlavə, onlar multikultural siyasətin nə demək olduğu, bu siyasətin Avropada iflasından nə üçün çox danışıldığı, həqiqətənmi multikulturalizmin ekstremizmə və radikal ictimai cərəyanlara qarşı təsirli vasitə olduğu barədə suallar veriblər. Bildirilib ki, miqrantların pozitiv ayrı-seçkiliyi prinsipini millətlərarası siyasətinə tətbiq edən Avropa səhvə yol verib və bu da anklavların yaranmasına gətirib çıxarıb. Multikulturalizm isə çoxsaylı bərabərhüquqlu mədəniyyətlər sistemindən ibarətdir və bu hüquq bərabərliyi prinsipinə riayət edildikdə, sırf müsbət nəticə – məsələn, 193 xalqın nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində dinc yanaşı yaşadığı Rusiyanı, yaxud müsəlmanların xristianları Pasxa bayramı münasibətilə təbrik etdiyi Azərbaycanı görmək olar.
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib: "Zənnimcə, belə görüşləri mümkün qədər tez-tez keçirmək lazımdır. Bu görüşlər hazırda dünyada baş verən mürəkkəb proseslərdən baş çıxarmaqda, başqa xalqların mədəniyyətlərinə və ənənələrinə hörmətin bütün dəyərini başa düşməkdə, habelə bu mədəniyyətlər haqqında yaranmış bir sıra mifləri alt-üst etməkdə gənclərə kömək edir. Onlardan biri Şərqdə qadınların hüquqsuz vəziyyətdə olmasıdır. Bununla belə, bu gün Mehriban Əliyeva Azərbaycanın ikinci şəxsidir. Dünyəvi ölkə olan Azərbaycanda əhalinin təqribən 90 faizi müsəlmandır, amma pravoslavlar və yəhudilər burada özlərini çox rahat hiss edirlər. Bütün bunları bilmək, başqalarına danışmaq lazımdır ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər bundan sonra da indiki kimi möhkəm olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB