Pakistan Prezidenti Məmnun Hüseynin rektoru olduğu Quaid-i-Azam Universitetinin və Azərbaycan Respublikasının Pakistandakı Səfirliyini birgə təşkilatçılığı ilə "Heydər Əliyev – müasir Azərbaycanın qurucusu və Azərbaycan-Pakistan münasibətlərində rolu" mövzusunda konfrans İslamabad şəhərində keçirilib. SİA-nın səfirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, konfrans ümummili lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və onun ruhuna Qurani-Kərimdən ayələrin oxunmasından sonra öz işinə başlayıb.
Konfransı ilk çıxışı ilə açan Universitetin Siyasət və Beynəlxalq Münasibətlər Bölməsinin direktoru, beynəlxalq münasibətlər üzrə mütəxəssis, doktor Zəfər Nəvaz Caspal 1990-cı illərdən bəri Azərbaycanla Pakistan arasında qardaşlıq və dostluq münasibətlərinin qurulduğunu qeyd edib, rəhbəri olduğu bölmənin bütün ölkə miqyasında ən qabaqcıl bölmələrdən olduğunu, "Heydər Əliyev – müasir Azərbaycanın qurucusu və Azərbaycan-Pakistan münasibətlərində rolu" mövzusunda konfransın Quad-i-Azam Universitetində keçirilməsinin də Azərbaycan-Pakistan dostluğunun bir təzahürü olduğunu qeyd edib.
Daha sonra çıxış edən "Sülh və Diplomatik Araşdırmalar" İnstitutunun prezidenti, həmçinin "Diplomatic İnsight" jurnalının redaktoru – Fərhad Asif Quad-i-Azam Universitetinin dünyada ilk 500, Asiya qitəsində isə ilk 100 universitet arasında olduğunu bildirmişdir. Xanım Asif ulu öndər Heydər Əliyevin M.K.Atatürk, M.Ə.Cinnah kimi dahi şəxsiyyətlərdən olduğunu, Heydər Əliyevin uzaqgörən siyasətçi, ölkəsinə ümid verən əsl lider və müasir Azərtbaycanın qurucusu olduğunu qeyd edib. Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycanın iqtisadi inkişafından söz açan xanım, aparılan uğurlu xarici siyasət nəticəsində ölkənin 2012-13-cü illər ərzində BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini də vurğulayıb. F.Asif rəhbərlik etdiyi İnstitutun kitabxanasında Nizami Gəncəvi və Heydər Əliyevə aid guşələrin mövcudluğu haqqında da konfrans iştirakçılarına məlumat verib.
Mərkəzi Asiya ölkələri və Azərbaycan üzrə mütəxəssis – Mehmud ul-Həsən Xan isə konfransda çıxış edərək, videoslaydlar əsasında Azərbaycanın sosial-iqtisadi nailiyyətlərini və Azərbaycan-Pakistan münasibətlərinə dair məlumatları konfrans iştirakçılarına təqdim edib. Heydər Əliyevin siyasi fəlsəfəsinin üç təməl prinsipə: iqtisadi inkişaf, müstəqillyin möhkəmləndirilməsi, dövlətçiliyin bərpası prinsiplərinə əsaslandığını bildirən M.H.Xan ümummilli liderin dövründə ölkədə aparılmış demokratik islahatlar və Konstitusiyanın qəbulu, "Əsrin müqaviləsi"nin imzalanması və iqtisadi inkişaf, həmçinin sosial infrastrukturun gücləndirilməsindən danışıb. Natiq 1993-cü ildən sonra Azərbaycanın xarici siyasətində baş vermiş radikal dəyişikliklər və dünya ölkələri ilə normal münasibətlərin qurulması, eyni zamanda, Pakistanla müxtəlif sahələrdə qardaşlıq əlaqələrinin yaranmasında Heydər Əliyevin müstəsna rolunun olduğunu vurğulayıb. Ümummilli liderin digər fəaliyyətlərindən və xidmətlərindən söhbət açan natiq, Heydər Əliyevin Azərbaycanı beynəlxalq izolyasiya vəziyyətindən çıxardığını və ölkədəki daxili separatçılığa son qoyduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB