Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub FOTOLAR

Müharibə əlillərinə və şəhid ailələrinə dövlət qayğısı siyasətinin əsasını ulu öndər Heydər Əliyev qoyub
Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub FOTOLAR

Nizami rayonunda müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.

Ümummilli lider Heydər Əliyevin və Azərbaycan dövlətinin bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu kimi əvəzsiz xidmətlərindən danışıb.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkədə müasir infrastruktur yaradılıb, yeni şəhərlər salınıb, fabrik və zavodlar tikilib. Bu dövrdə təhsil sahəsində də davamlı islahatlar həyata keçirilib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclər SSRİ-nin yüksək səviyyəli ali təhsil müəssisələrinə göndəriliblər. Həmin dövrdə respublikada ali təhsil məktəblərinin sayı 12-dən 17-yə, tələbələrin sayı 70 mindən 100 minə yüksəlib. Məhz Ümummilli Liderin gördüyü qətiyyətli tədbirlərin sayəsində ali hərbi məktəblərə qəbul olunan azərbaycanlı gənclərin sayı intensiv surətdə artmağa başlayıb, Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi lisey yaradılıb.

Çıxış edən Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov bildirib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra xalqımız müstəqilliyin ilk illərində üzləşdiyi təhlükələrdən xilas olub və ölkədə bütün sahələrdə islahatlar başlanıb. Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkədə ictimai-siyasi sabitlik bərpa edilib, demokratik təsisatlar yaradılıb, dövlət idarəçilik sistemi formalaşdırılıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəsin əldə edilməsindən sonra "Əsrin müqaviləsi" sazişinin imzalanmasına nail olunub. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatı böhran və tənəzzül mərhələsindən çıxaraq inkişaf və yüksəliş yoluna qədəm qoyub.

"Müharibə əlillərinə və şəhid ailələrinə dövlət qayğısı siyasətinin əsasını ulu öndər Heydər Əliyev qoyub" – deyən "Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev geniş məruzə ilə çıxış edib.

Məruzə ətrafında çıxış edən şəhid ailəsi Əminə Kərimova, müharibə əlili Fəxrəddin Bəhrəmov, müharibə veteranı Vəli Mehdiyev və başqaları diqqətə çatdırıblar ki, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. Bu siyasətin əsası isə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün bu siyasət yeni mərhələyə qədəm qoyub. Məhz, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.

Çıxış edən "Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev deyib ki, müharibə əlilləri və şəhid ailələrinin dövlət hesabına mənzillərlə, əlilliyi olan şəxslərin minik avtomobilləri ilə təminatına da ümummilli lider Heydər Əliyev tərəfindən başlanılıb. Ötən dövr ərzində minlərlə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri mənzillə də təmin edilib: "Bununla yanaşı, hərəkət-dayaq sistemi pozulmuş əlillərimizin reabilitasiyası, müalicəsi istiqamətində atılan addımlarla bərabər, onların minik avtomobilləri ilə təmin olunması yönündə də mühüm işlər görülüb. Möhtərəm Prezidentimiz müharibə əlilləri və şəhid ailələrinin övladlarının təhsil haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı müvafiq sərəncam da verib".

Çıxışlardan sonra müharibə əlilləri və şəhid ailələrinə diqqət və qayğı göstərən, eləcə də, "Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin fəaliyyətində aktiv olan bir qrup şəxsə medallar, həmçinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq nümayiş etdirənlərə Fəxri fərmanlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə