Özbəkistan Metsamor AES-ə görə həyəcan təbili çalır

Özbəkistan Metsamor AES-ə görə həyəcan təbili çalır

Özbəkistanın "kun.uz" və "sharh.uz" xəbər portallarında Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) bölgədə ciddi təhlükə mənbəyi olması ilə bağlı geniş yazılar yerləşdirilib. "Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası: Çernobıl faciəsi təkrarlana bilər" sərlövhəli məqalədə bu potensial təhlükə ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin və xarici işlər naziri Elmar Məmmədyarovun fikirlərinə də yer verilib.

Məqalədə ermənilərin uran qaçaqmalçılığı ilə məşğul olmaları və son zamanlar bu istiqamətdə fəallaşmasının təhlükəli nəticələr doğura biləcəyi qeyd olunub. Bildirilib ki, stansiyada birinci enerji bloku 1976-cı, ikincisi isə 1980-ci ildə istismara verilib. 1983-cü ildə üçüncü və dördüncü enerji bloklarının tikintisinə başlanıb. Lakin Çernobılda baş verən qəzadan sonra bu işlər dayandırılıb.

Yazıda 1982-ci il oktyabrın 15-də stansiyada baş verən yanğın haqqında da söhbət açılıb. Bildirilib ki, regionda ciddi təhlükə mənbəyi olan bu stansiya dünyanı fəlakətə sürükləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə