Araz Əzimov ATƏT-ə üzv dövlətlərin səfirlərini qəbul edib

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Araz Əzimov bu gün ATƏT-ə üzv dövlətlərin Azərbaycan Respublikasındakı səfirlərini qəbul edib. SİA-nın verdiyi məlumata görə, XİN rəsmisi işğal edilmiş Azərbaycan əraziləri ətrafında Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti boyunca 2 aprel tarixindən etibarən gərginləşmiş vəziyyət ətrafında söhbət aparıb.

A.Əzimov münaqişənin sülh yolu ilə həlli yolunda atəşkəsin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, qeyd edib ki, Ermənistan davamlı olaraq, atəşkəsi pozaraq diqqəti sülh prosesinin substantiv məsələlərindən yayındırmağa və beləliklə, status-kvonu uzatmağa çalışır. Nazir müavini Ermənistanın bu provokasiyalarının adətən sülh prosesində müsbət dinamika yarandığı zamanlara təsadüf etməsinə diqqəti yönəldib.

Nazir müavini atəşkəs və nəticəyönümlü sülh prosesinin dərhal bərpa olunmasının əhəmiyyətini vurğulayıb. Azərbaycan rəsmisi bu müstəvidə Azərbaycan tərəfinin birtərəfli atəşkəs elan etdiyini xatırladıb. O, münaqişənin yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilə biləcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə