“Ədəbiyyat, musiqi, təhsil, sənət və gənclik” layihəsinə yekun vurulub

“Ədəbiyyat, musiqi, təhsil, sənət və gənclik” layihəsinə yekun vurulub

Dünya Gənc Türk Yazarlar Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Ədəbiyyat, musiqi, təhsil, sənət və gənclik" layihəsinə yekun vurulub. SİA-nın məlumatına görə, Atatürk mərkəzində baş tutan tədbirdə bir çox ziyalılar, yaradıcı sahədən olan insanlar- rəssamlar, musiqiçilər, yazarlar və gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən layihənin rəhbəri Əfsanə Ələsgərli bildirib ki, bu layihə yaradıcı sahədə çalışan rəssamlar, musiqiçilər və yazarlarla bağlıdır. "Layihəmiz 3 gün davam etdi. Bu gün artıq yekun tədbirimizi keçiririk. Məqsədimiz odur ki, gənc bəstəkarlar, yazarlar və rəssamlar öz yaradıcılıq ideyalarını ortaya qoya bilsinlər eyni zamanda bir-birilə əməkdaşlıq etsinlər. Layihənin nəticəsi olaraq bir toplu nəşr etdirmək istəyirik. Bu topluda həm musiqiçilərin, həm yazarların, həm də rəssamların əsərləri yer alacaq".

Tədbirdə çıxış edən layihənin məsləhətçisi, Atatürk mərkəzinin şöbə müdiri, türkoloq Əkbər Qoşalı iştirakçıların nəzərinə çatdırdı ki, Dünya Türk Yazarlar Birliyi indiyə kimi yaradıcılıq sahələri ilə bağlı bir çox layihələr həyata keçirib. " Bu layihələrin keçirilməsində məqsəd istər paytaxt, istərsə də bölgələrdə yaşayan bir çox istedadlı yaradıcı insanların üzə çıxarılmasıdır".

Çıxış edən Simurq Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq, tarix elmləri doktoru, professor Fuad Məmmədov və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun əməkdaşı Vüsalə Niftəliyeva layihənin keçirilməsini çox yüksək qiymətləndirdilər.

Sonda layihədə fəal iştirak edən gənclər diplomla təltif olundular.

Tofiq Rəfailoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə