Lənkəranda prokurorluq işçilərinin peşə bayramı qeyd edildi FOTOLAR
1 oktyabr ölkəmizdə prokurorluq işçilərinin peşə bayramıdır. Bu münasibətlə paytaxt Bakı ilə yanaşı, respublikamızın bütün bölgələrində prokurorluq işçiləri peşə bayramlarını qeyd edirlər. SİA-nın Cənub bürosunun məlumatına görə, oktyabrın 1-də Lənkəranda da bu əlamətdar gün münasibəti ilə prokurorluq işçiləri bir araya gəliblər.
Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov və Lənkəran rayon prokuroru Natiq Abdullayev, rayon digər hüquq mühafizə orqanlarının rəhbərləri, prokuroluq işçiləri ilk əvvəl şəhərin mərkəzində yerləşən Heydər Əliyev xatirə parkına gələrək ümummilli lider Heydər Əliyeyin abidəsini ziyarət edib önünə tər gül dəstələri düzüblər. Daha sonra tədbir Lənkəran Rayon Prokurorluğunun inzibati binasında davam etdirilib. Yığıncaqda Lənkəran rayon prokuroru Natiq Abdullayev çıxış edərək prokurorluğun əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun prokurorluq işçilərinə ünvanladığı təbrikini onların diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycanda prokurorluq orqanlarının yarandığı gündən 97 il ötür. Çətin və şərəfli bir təkamül yolu keçmiş prokurorluq orqanları bu gün dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirir, qanunun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsində öz xidmətlərini göstərir. Ölkəmiz müstəqilliyik qazandıqdan sonra Azərbaycan Respublikasının Prokurorluğu sinfi mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun qorunmasına xidmət edən orqana çevrilməklə sivil və demokratik inkişaf yolu keçib. Prokuror Natiq Abdullayev bildirib ki, bu gün dövlətimizin başçısının dəstəyi ilə davam etdirilən hüquqi islahatlar nəticəsində Azərbaycan prokurorluq orqanları müasir tələblərə uyğun normativ-hüquqi bazası olan, yeni mütərəqqi iş prinsipləri və metodları əsasında fəaliyyət göstərən sivil dövlət təsisatına çevrilib.
Tədbirdə prokurorluğun əməkdaşları da çıxış edərək peşə bayramları münasibətilə həmkarlarını təbrik ediblər.
Sonda prokurorluq işçilərinə mükafatlar təqdim edilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB