Ekspert "MTRŞ-nın qərarı düzgündür, amma sərtdir" deyir

Ekspert "MTRŞ-nın qərarı düzgündür, amma sərtdir" deyir

Jurnalist-teletənqidçi, professor Qulu Məhərrəmli Milli Televiziya və Radio Şurasının Xoşqədəm Hidayətqızının müəllifi olduğu "Sən tək deyilsən" və "Səni axtarıram" verilişlərini bağlaması ilə bağlı SİA-ya açıqlama verib.

O bildirib ki, burada əsaslı şəkildə qeyd olunan nüanslar var ki, onlarla razılaşmamaq çətindir: "Həmin verilişlər süni gərginlik yaratmır. Onların başqa ziyanları var. Bu ziyanları orada qeyd etmək olardı.

Azərbaycan cəmiyyətində şəxsi münasibətləri, şəxsi zəmində olan problemləri ekrana çıxartmaq və bundan şou düzəltmək düzgün olmaz. Təəssüf ki, bizim bəzi verilişlərimiz bunun üzərində qurulub.

İnsan təbiəti etibarilə sentimentaldır. Belə verilişlərə baxarkən kövrəlir, ağlayır, biri digərinə təsəlli verir və s. Televiziyada inteqrativ funksiyası deyilən bir anlayış var ki, bununla insanların dərdinə müəyyən dərəcədə şərik olunur, onlara yardım edilir və s. Amma bu şoular həmin kateqoriyaya aid deyil. Buna görə də MTRŞ-nın bu məsələyə müdaxiləsini müəyyən dərəcədə əsaslı hesab edirəm. Çünki bu verilişlərlə bağlı narazılıqlar var, bu cür şoularla bağlı ictimai rəydə çox neqativ münasibət yaranıb".

Qulu Məhərrəmli bildirib ki, digər tərəfdən MTRŞ-nın bu qərarı həddindən artıq sərtdir: "Mən bir televiziya kanalının, konkret olaraq ANS-nın iki verilişinin birdən-birə bağlanmasının qəti əleyhinəyəm. Çünki artıq yeni televiziya sezonu başlayır və bu sezonda bu proqramları hazırlamaq üçün müəyyən dərəcədə xərclər çəkilir. Bütün daxili infrastruktur buna yönəlir. Hər halda qəbul olunacaq qərarla bağlı telekanala əvvəlcədən rəsmi şəkildə xəbərdarlıq edilə bilərdi.

MTRŞ tövsiyələr verə bilər və müəyyən dərəcədə yol göstərə bilər. Lakin MTRŞ birbaşa olaraq redaksiyanın yayım siyasətinə qarışa bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə