“Bələdiyyələr və onların fəaliyyətinin təbliğatı”

“Bələdiyyələr və onların fəaliyyətinin təbliğatı”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyinin həyata keçirdiyi "QHT-Bələdiyyə münasibətlərinin inkişafına dəstək" layihəsi çərçivəsində növbəti tədbir keçirilib. SİA-nın xəbərinə görə, "Bələdiyyələr və onların fəaliyyətinin təbliğatı" mövzusunda baş tutan tədbirdə "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyinin sədri Həsən Qarayev çıxış edərək bildirib ki, bələdiyyələrdə vətəndaşların qəbulu günün tələblərinə uyğun olaraq təşkil edilməsi, hər bir müraciətin qeydiyyata alınaraq ona diqqətlə yanaşılıb müsbət həll olunmasına maksimum səy göstərilməsi vacibdir və insan hüquqlarının təmini sahəsində mühüm rol oynayır. Diqqətə çatdırılıb ki, bələdiyyələr vətəndaşların hüquqlarının təminatçısı olmaqla kifayətlənməyərək ərazisində yaşayan hər bir şəxsin hüquqlarının pozulmasının qarşısının alınmasına yönələn tədbirlər görməlidirlər.

Tədbirdə ekspert qismində çıxış edən hüquqşünas İlham Əliyev deyib ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bələdiyyələr seçiciləri ilə əlaqə saxlamalı və 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabat verməlidirlər. Belə ki, bələdiyyələr özlərinin fəaliyyəti, qəbul edilmiş sənədlər və onların icrası ilə bağlı görülmüş işlər və digər məsələlər barədə əhaliyə hesabat verməlidirlər. Bunun üçün bələdiyyələrə müəyyən səlahiyyətlər verilib. Onlar öz işlərini aşkarlıq və şəffaflıq şəraitində qurmalı və yerli əhalini ölkədə gedən proseslərə cəlb etməlidirlər.

Bundan əlavə bələdiyyələr gördükləri işləri təbliğ etməyi də bacarmalıdırlar. Çünki bu, aşkarlığın və şəffaflığın təmin edilməsinin mühüm bir formasıdır.

Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə