ATƏT nümayəndələri Bakıda

Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Bakıya növbəti səfəri olub. SİA-nın məlumatına görə, səfərdə Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik, Pyer Endryu, İqor Popov, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, Ceyms Uorlikin köməkçisi Devid Salvo, Anjey Kaspşikin köməkçisi Hristo Hristov və Xarici İşlər Nazirliyinin Regional Təhlükəsizlik İdarəsinin 3-cü katibi Rövşən Səfərov iştirak edib. Səfərin məqsədi Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və məcburi köçkünlərin vəziyyəti barədə fikir mübadiləsi aparmaq olub. İlk öncə ATƏT nümayəndələri Baş nazirin müavini Əli Həsənovla birlikdə Masazır qəsəbəsində yerləşən qaçqın və məcburi köçkünləri ziyarət ediblər. Burada qaçqın və məcburi köçkünlər üçün dövlət tərəfindən yaradılan şəraitlə tanış olublar. Qəsəbədə yerləşən orta məktəbdə müəllimlərlə görüşən nümayəndələr, müəllimlərin onlara ünvanladığı sualları cavablandırıb. Ceyms Uorlik məktəbdə müəllimlər qarşısında çıxışı zamanı bunları qeyd edib: "Bizim bura gəlməyimizin səbəbi münaqişənin həllinə nail olmaqdır. Sizin qarşınızda onu qeyd etmək istəyirəm ki, münaqişə ilə bağlı tam sülh sazişi əldə etmək mümkündür. Bunun üçün hər iki tərəfin qətiyyət nümayiş etdirməsinə ehtiyac var".

Daha sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində bir araya gələn nümayəndələr mətbuat qarşısında konfrans keçiriblər. Konfransda çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qeyd edib ki, biz çalışırıq ki, qaçqın və məcburi köçkünlərin bütün problemlərini həll edək, bütün şəraitlə təmin edək. Dünyada 20 il bundan öncə 30 milyona yaxın qaçqın və məcburi köçkün var idi. Bu gün isə onların sayı 60 milyonu keçib. 1990-cı illərdə münaqişələr 30-a yaxın ölkədə baş verirdisə, bu gün 70-dən çox ölkədə münaqişə baş verir.

Tədbirin sonunda Baş nazirin müavini Əli Həsənov və ATƏT nümayəndələri suallar ətrafında müzakirələr aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə