Qarabağ əlilinin əvvəlki işi bərpa olunub

Qarabağ əlilinin əvvəlki işi bərpa olunub

II qrup Qarabağ müharibəsi əlili Bayramov Elxan Adığözəl oğlunun "Atena" MMC-də işlədiyi halda qeyri-qanuni olaraq işdən azad edilməsi ilə bağlı şikayət xarakterli müraciəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən obyektiv şəkildə araşdırılıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, araşdırma nəticəsində Bayramov Elxan Adıgözəl oğlu ilə bağlanmış əmək müqaviləsinə qeyri-qanuni şəkildə xitam verildiyi müəyyən olunub. Xidmət tərəfindən əmək qanunvericiliyin tələblərinə uyğun tədbir görülməklə, II qrup Qarabağ müharibəsi əlilinın yenidən "Atena" MMC-də əvvəlki işinə bərpa olunması təmin edilib.

Qeyd edək ki, indiyə qədər Dövlət Əmək Müfəttişliyi Xidmətinə bir neçə dəfə bu kateqoriyadan olan şəxslər tərəfindən işdən qeyri-qanuni çıxarılma ilə bağlı müraciətlər daxil olub və bu müraciətlərə dərhal reaksiya verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlərə sosial cəhətdən həssas əhali qruplarına, xüsusən də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş insanlara və şəhid ailəsi üzvlərinə daim diqqət və həssaslıqla yanaşmağı tövsiyə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə