Bu gün Caspian European Club çərçivəsində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin iştirakı ilə biznes-forum keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Caspian European Club-un baş icraçı direktoru Telman Əliyev klub haqqında iştirakçılara məlumat verib. Bildirib ki, "Caspian European Club" regional təşkilat olaraq, 2002-ci ildə Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən iri neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb: ""Caspian European Club"-un sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Dünyanın 50 ölkəsindən təşkilat və 5 mindən artıq şirkəti öz sıralarında birləşdirən klub dövlət qurumları ilə özəl sektor arasında səmərəli dialoqun qurulması istiqamətində fəal iş aparır".
Forumda çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib ki, özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən belə tədbirlər bir çox məsələlərin həllinə öz töhfəsini verir.
F. Nəbiyev çıxışı zamanı bildirib ki, Azərbaycanda olan siyasi sabitlik səbəbindən ölkəmizə gələn miqrantların sayını artmaqdadır: "Azərbaycanda 2013-cü ildə Miqrasiya Məcəlləsi qəbul edilib. Məcəllədə xarici vətəndaşların Azərbaycana gəlməsi, yaşaması, işləməsi ilə bağlı məsələlər öz əksini tapıb. Buna baxmayaraq zaman keçdikcə qarşıya çıxan problemləri tam təhlil edirik və qanunvericilikdə hansısa bir dəyişikliklərin edilməsi ilə bağlı təkliflərimizi veririk. Dövlət Miqrasiya Xidməti insanların müraciətini təhlil edir və Miqrasiya Məcəlləsinə dəyişikliklərin edilməsi üçün müəyyən təklifləri hökumətə təqdim edirik. Son zamanlar biz Miqrasiya Məcəlləsində müəyyən uyğunlaşdırmalarla bağlı yeni təkliflər hazırlanıb".
F. Nəbiyev qeyd edib ki, Azərbaycana gələn əcnəbi vətəndaşların problemlərinin sayı azalmaqdadır: "Əvvəllər ölkəyə gələn xarici vətəndaşlar 3 gün ərzində qeydiyyatdan keçməli idilərsə, artıq bu müddət 10 günə qədər uzadılıb. Vizasız ölkəyə gələnlər 90, viza ilə gələnlər isə bu müddət ərzində Azərbaycanda yaşaya bilərlər. Bununla bağlı biz maarifləndirmə işi aparmışıq. Azərbaycanda 500 min investisiya qoyan əcnəbi şəxslərə 3 il müddətində, 100 min investisiya qoyanlar isə 1 il müddətinə ölkəmizdə yaşamaq hüquq verilir".
Xidmət rəisi bildirib ki, Azərbaycanda Nazirlər Kabineti tərəfindən müəyyən olunan kvotaya görə, Azərbaycana 12 min əməkçi miqrant gələ bilər.
Sonra "Caspian European Club"-un İcraiyyə Komitəsinin qərarına əsasən klubun fəxri üzvü seçilən Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevə üzvlük sertifikatı təqdim edilib.
Daha sonra forum mediaya qapalı şəkildə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB