Qarsdakı Baş Konsulluğumuzda Xocalı faciəsi anıldı FOTOLAR

Qarsdakı Baş Konsulluğumuzda Xocalı faciəsi anıldı FOTOLAR

Baş Konsulluq tərəfindən Xocalı Soyqırımının 23-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğu tərəfindən bir sıra tədbirlər həyata keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Qars şəhərindəki Baş konsulu A.Süleymanlı yerli KİV-ə Xocalı Soyqırımının 23-ci ildönümü ilə əlaqədar mətbuat açıqlaması verib. Həmin açıqlama bir neçə vilayətin yerli mətbuatında dərc olunub (linklər əlavə olunur).

Bu gün keçirilən tədbirdə Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı Baş Konsulluğun inzibati binasında anma mərasimi keçirilib.

Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilib.

Sonra tədbiri giriş sözü ilə açan Baş konsul Ayxan Süleymanlı qonaqlara mərasimdə iştirak etdikləri və faciə qurbanlarının xatirəsinə göstərdikləri hörmət və ehtirama görə öz təşəkkürünü bildirib.

Çıxış edən Baş konsul A.Süleymanlı Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu qeyd edərək, faciə qurbanlarına qarşı erməni faşistləri və bilavasitə onların havadarları olan keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən törədilmiş vəhşiliklərdən söz açıb.

Baş konsul A.Süleymanlı Xocalı soyqırımı ilə bağlı artıq bir sıra dövlətlərin parlamentləri və ABŞ-ın 10-dan artıq ştatının qanunverici orqanları tərəfindən qətnamələrin qəbul olunduğunu vurğulayıb.

Sonda natiq bu faciənin Azərbaycan xalqı ilə birgə həmrəy olan türk xalqının yaddaşından silinməyəcəyini və əbədi olaraq qəlblərdə qalacağını xüsusilə vurğulayıb, Xocalı şəhərinin sakinlərinə qarşı törədilmiş hadisənin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri olduğunu qeyd edib.

Sonra söz Qars Qafqaz Üniversitesinin Fen Ədəbiyyat fakültəsinin Çağdaş Türk Ləhçələri ve Ədəbiyyatları bölməsinin müəllimi dosent-həmyerlimiz İlkin Quliyevə verilib. Çıxış edən natiq erməni terrorçularının Xocalı şəhərini tamamilə yer üzündən sildiklərini, əsir düşmüş insanlara misli görülməmiş əzab verdiklərini vurğulayıb. İ.Quliyev həmçinin Xocalı soyqırımına ilk dəfə hüquqi qiymət Ümummmili Lider Heydər Əliyev tərəfindən verildiyini və 1994-cü il fevralın 24-də Ulu Öndərin imzaladığı fərmanla həmin gün xalqımıza qarşı törədilən soyqırımı aktı kimi qeyd edilməyə başlandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Çıxışlardan sonra Qars şəhərində yerləşən "Kamer Cami"nin İmamı Gökmen Kankılıç tərəfindən şəhidlərimizin əziz ruhuna Quran-i-kərimdən ayələr oxunmuş, Xocalı faciəsinin həsr olunmuş "Kar Kırmızı Xocalı" adlı sənədli film nümayiş etdirilib.

Mərasim iştirakçıları Baş Konsulluq tərəfindən hazırlanmış fotostend, eləcədə Xocalı Soyqırımı və Dağlıq Qarabağ münaqişəsini əks etdirən kitab və jurnallar ilə tanış olublar. Sonda mərasim iştirakçıları Baş Konsulluğun təşkil etdiyi ehsan süfrəsinə dəvət olunublar.

Tədbirdə Qars vilayət valisinin müavini Musa Evin, Qars şəhər bələdiyyəsinin sədri Murtaza Karaçanta, Qars vilayətinin Əmniyyət (polis idarəsi) müdiri Faruk Karaduman, Qars şəhər rəsmi və qeyri-rəsmi qurumların rəhbər və nümayəndələri, Qars Qafqaz Universitetinin rəhbər, professor və müəllim heyəti, universitetdə təhsil alan azərbaycanlı və türk tələbələri, KİV-nin və yerli ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak ediblər.

Baş Konsulluq tərəfindən keçirilmiş tədbir yerli mətbuatında geniş işıqlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə