Bakıda antik avtomobillərin sərgisi keçirilib FOTOLAR

Bu gün Bakıdakı "Retro" Avto Klubda antik avtomobillərin sərgisi keçirilib.
SİA-nın məlumatına görə, 15-dək maşının nümayiş etdirildiyi sərgidə, həmçinin antik əşyalar da tamaşaçılara təqdim olunub.
Klubun təsisçisi Elşən İsmayılov təşkilatın 80-dək üzvü olduğunu söyləyib, sərginin əhəmiyyətindən danışıb.
Bildirilib ki, 2003-cü ildən fəaliyyət göstərən klub ümummilli lider Heydər Əliyevin yubileyinə, Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə, 28 May-Respublika Gününə həsr olunan yürüşlər təşkil edib. Həmçinin Azərbaycan Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə antik avtomobillərin Qubaya yürüşü keçirilib: " "Retro" Avto Klubu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində antik muzey kimi qeydiyyatdan keçib. Buradakı ən qədim avtomobil 1936-cı ildə ABŞ-da istehsal olunan "Buck" markalı maşındır. Klubun təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülür. Kluba xarici turistlərin cəlb olunmasını istəyirik. Məqsədimiz əcnəbi qonaqları burada yaradılan şəraitlə tanış etməkdir".

Həmçinin klubda antik avtomobillərin satışının təşkil edildiyi bildirilib.
Nəzərinizə çatdıraq ki, paytaxt sakinləri tərəfindən maraqla qarşılanan sərginin bundan sonra hər həftənin bazar günü keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə