Danimarkada yaşayan həmyerlimiz, dünya şöhrətli həkim, Glostrup Hospitalinin Nervologiya şöbəsinin baş həkimi Məsud Aşinaya professor elmi dərəcəsinin təqdimat mərasimi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, Kopenhagen Glostrup Hospitalında təşkil olunmuş mərasimi Kopenhagen Universitetinin professoru Hans Henrik Saxild acaraq professor Məsud Aşinanın elmi fəaliyyətindən, alimin Azərbaycan, Danimarka və eləcə də dünya tibb elminə verdiyi töhfələrdən, həmçinin həyata keçirdiyi layihələrdən bəhs edib. Həmkarının uğurlarını yüksək qiymətləndirən H.H.Saxild onu yüksək elmi dərəcə alması münasibətilə təbrik edib və sözü Məsud Aşinaya verib.
Kopenhagen Tibb Universitetinin professoru Məsud Aşina tədbir iştirakçılarına özü haqqında məlumat verərək bildirib ki, 1965-ci ildə Bakıda dünyaya gəlib, Azərbaycan Tibb Universitetini bitirib, aspiranturada təhsil aldıqdan sonra Danimarkada doktorluq dissertasiyası müdafiə edib. Danimarkada həkim kimi ilk olaraq Kopenhagenin Rigs xəstəxanasında fəaliyyətə başlayıb, sonra Glostrup xəstəxanasında bir çox layihələrin həyata keçirilməsinə rəhbərlik edib. Məsud Aşina uzun illərdir Danimarkada yaşamasına baxmayaraq, vətəni ilə sıx əlaqədə olması, Azərbaycanda bir sıra layihələr, o cümlədən Nervologiya üzrə Beynəlxalq Konfrans təşkil etməsi barədə danışıb.
Tədbirdə çıxış edənlər, o cümlədən Glostrup Hospitalının direktor müavini Per Jorgensen, "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi Məsud Aşinanı yüksək elmi dərəcə alması münasibətilə təbrik ediblər.
Glostrup Hospitalinin Nervologiya şöbəsinin baş həkimi Məsud Aşina tibb sahəsində, xüsusilə miqrenin xəstəliyinin öyrənilməsi, müalicəsi ilə bağlı ciddi nailiyyətlər əldə edib. Bu sahədə 200-dən artıq məqalənin və 35-dən çox elmi kitabın müəllifi olan professor 2011-ci ildə "Nevrologiya" sahəsi üzrə "Mogens Fog" mükafatına layiq görülüb.
20 ildən çoxdur ki, Danimarkada yaşayan Məsud Aşina "Vətən" Cəmiyyətinin İdarə Heyətinin üzvü və fəal diaspor nümayəndəsidir.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB