Bu gün Mətbuat Şurası və "SOCAR-AQŞ" MMC-nin "Əsrin müqaviləsi"nin 20 illiyinə həsr olunan "Əsrin müqaviləsi-ölkəmizin davamlı sənaye inkişafının təməli" mövzusunda keçirdikləri müsabiqənin qalibləri mükafatlandırılıb. SİA-nın xəbərinə görə, tədbirdə qəzet redaktorları ilə yanaşı, müsabiqədə qalib gələn media nümayəndələri də iştirak ediblər.
İlk olaraq çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov müsabiqə barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, müsabiqəyə təxminən 50-dən çox yazı təqdim olunub və yazılar ekspertlər tərəfindən araşdırılıb.
Müsabiqəyə dəstək verdiyinə görə SOCAR-ın rəhbərliyinə minnətdarlığını bildirən Əflatun Amaşov, Mətbuat Şurasının həyata keçirdiyi tədbirin jurnalistlər üçün mühüm olduğunu deyib: "Bu kimi müsabiqələr jurnalistlərin peşəkarlığını, eləcə də cəmiyyətimizin dolğun informasiya almasına və intellektual cəhətdən savadlanmasına yardım edir. Digər tərəfdən də SOCAR rəhbərliyinin ölkə jurnalistlərinə göstərdiyi bu qayğı çox əhəmiyyətlidir".
"Əsrin müqaviləsi"nin əhəmiyyəti barədə danışan "SOCAR- AQŞ" MMC-nin baş direktoru Ramin İsayev də müqavilə imzalandıqdan sonra Azərbaycanda çox mühüm hadisələrin baş verdiyini diqqətə çəkib. O, müsabiqənin keçirilməsi zərurəti barədə qısa məlumat verib və müsabiqənin qaliblərinə sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova qeyd edib ki, 20 il bundan əvvəl Azərbaycan sahib olduğu sərvətlərdən yararlana bilmirdi: "Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin nailiyyətləri günü-gündən artmağa başladı. Dövlətimiz nə qədər ki müstəqil ölkə olaraq var olacaq, o zamana kimi Azərbaycan region üçün önəmini qoruyub saxlaya biləcək. Danılmaz faktdır ki, neft amilinin bu inkişafda xüsusi rolu var. Buna görə də Azərbaycan dünyada özünü neft və qaz ölkəsi olaraq sübut edə bilib".
SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov isə çıxışında deyib ki, "Əsrin müqaviləsi"nin imzalanmasından keçən müddət ərzində Azərbaycan nefti və qazı yeni texnika ilə hasil edilərək xarici bazara çıxışı təmin edildi.
O, həmçinin əlavə edib ki, jurnalistlər hər zaman neftçilərinin əməyini lazımı şəkildə işıqlandıra bilir: "Ona görə də ARDNŞ-ın prezidenti Rövnəq Abdullayevin təklifinə əsasən, gələcəkdə gənc jurnalistlər üçün "qış məktəbi" təşkil olunacaq. Təklif sədr tərəfindən 1 ay bundan əvvəl verilib. Bununla da jurnalistlər müəssisələrə gedib bir çox sahələrlə yaxından tanış ola biləcəklər. Eyni zamanda jurnalistlər təlimdən sonra öz yazılarında neft sahəsi ilə bağlı qeyd etdikləri nüansları düzgün dərk edə biləcəklər".
Çıxışlardan sonra müsabiqənin bir neçə istiqamətləri üzrə qalib gələn jurnalistlərə mükafatlar təqdim olunub.
Qeyd edək ki, müsabiqədə 17 nəfərə həvəsləndirici mükafat- 200 manat təqdim olunub. Eyni zamanda 3-cü yerin qalibinə 500, 2-ci yerə 700, 3-cü yerin sahibinə isə 1000 manat dəyərində pul mükafatı verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB