Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova tərəfindən bu il 21 avqust--21 sentyabr tarixlərində elan olunmuş "Sülh aylığı" çərçivəsində tədbir keçiriblər. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, Göygöl Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi, rayon Mərkəzi Kitabxanası, yerli QHT-lərin nümayəndələrinin və təhsil işçilərinin iştirakı ilə Göygöl rayonundakı Heydər Əliyev Mərkəzində təşkil edilmiş tədbir 21 sentyabr- Beynəlxalq sülh Gününə həsr edilib.

Regional mərkəzin rəhbəri Səbuhi Abbasov tədbirdə təsisatın insan hüquqları sahəsində çoxşaxəli fəaliyyəti, Müvəkkilin səlahiyyətləri, həyata keçirilən tədbirlər, Ombudsmanın regional mərkəzləri, müraciətlərə baxılması qaydası, eyni zamanda fəaliyyət göstərən qaynar xətlər barədə məlumat verib.

Bildirilib ki, 1981-ci ildən BMT-nin qərarına əsasən, 21 sentyabr tarixi bütün dünya ölkələrində Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Bu baxımdan torpaqlarının 20 faizini itirmiş, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan ölkəmizdə sülh mövzusunun xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb. Bu gün də Azərbaycanın haqq işini dünya ictimaiyyətinə, sülhsevər qüvvələrə çatdırmağın, nüfuzlu beynəlxalq təşkilatların diqqətini və səylərini Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəltməyin ən mühüm zərurət kimi qarşıda durduğu önə çəkilib.

Qeyd olunub ki, ölkə Prezidenti cənab İlham Əliyev məlum münaqişənin beynəlxalq hüququn prinsipləri çərçivəsində həllinə çalışır və dünya dövlətlərini, beynəlxalq təşkilatları bu həqiqətlərə hüquqi qiymət verməyə, sülhə gedən yolda birliyə və qarşılıqlı əməkdaşlığa dəvət edir. Dövlətimizin bu sahədə ölkədaxili və beynəlxalq səviyyədə atdığı addımlara Azərbaycan Ombudsman təsisatının da daim öz dəstəyini verdiyi vurğulanıb.

Tədbirin sonunda iştirakçılara XVIII Kanaqava Dünya Uşaq İncəsənət Sərgisi barədə məlumat verilib, bu sərginin Yaponiya Xarici Əməkdaşlıq Assosiasiyası tərəfindən 1979-cu ildən başlayaraq keçirildiyi və əsas məqsədinin uşaqların arzularının, düşüncələrinin, yaradıcılığının inkişaf etdirilməsi və müxtəlif dünya mədəniyyətləri ilə tanışlığından ibarət olduğu vurğulanıb.

Qeyd olunmalıdır ki, Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvü Bakı Britaniya Məktəbinin şagirdi Fərəc Fərəczadə XVI Kanaqava Dünya Uşaq İncəsənət Sərgisində iştirak edib. Azərbaycan məktəblisinin ekoloji hüquqlar mövzusunda çəkdiyi rəsm işi münsiflər heyəti tərəfindən fərqləndirilmiş və diploma layiq görülüb

Ombudsman təsisatı və regional ofislər respublikanın digər rayonlarındada bu kimi tədbirləri davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə