Lerikdə Milli Qəhrəman Valeh Müslümovun doğum günü qeyd edilib

Azərbaycanın Milli Qəhrəmanı Valeh Müslümovun doğum günü münasibəti ilə Lerik şəhərində anım mərasimi keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbir iştirakçıları ilk öncə Milli Qəhrəmanın abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Əvvəlcə Valeh Əlizaid oğlu Müslümovun həyatı və döyüş yolu haqqında məlumat verilərək bildirilib ki, o, 1968-ci il sentyabrın 2-də Lerik şəhərində anadan olub. 1983-cü ildə indiki Lerik şəhər 2 saylı tam orta məktəbinin 8-ci sinfini bitirərək Sumqayıt şəhərində 17 nömrəli peşə məktəbinə daxil olub. Əmək fəaliyyətinə tikinti trestində başlayıb. 1986–1988-ci illərdə ordu sıralarında xidmət edib.

Valeh Müslümov 1991-ci ilin avqustunda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayıb. O, Şuşa, Xocalı, Tovuz, Füzuli, Qubadlı, Zəngilan və Ağdərə rayonlarının ərazilərində gedən döyüşlərdə iştirak edib. Valeh Müslümov 1992-ci il aprelin 8-dən 9-na keçən gecə Ağdərə rayonunun Marquşavan ərazisidə gedən döyüşdə düşmən mühasirəsində qalan döyüşçü yoldaşlarını xilas edərək əsl qəhrəmanlıq nümunəsi göstərib. Düşmənlə qeyri-bərabər döyüşdə yaralanmış 11 nəfər döyüşçü yoldaşını xilas edərək təhlükəsiz zonaya apararkən aldığı ağır yaradan qəhrəmancasına həlak olub. Onun bu igidliyi dövlət tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 6 iyun tarixli 831 nömrəli Fərmanı ilə ilk dəfə "Azərbaycan Milli Qəhrəmanı" adını almış 11 nəfərdən biri də Valeh Müslümov olub

Anım mərasimində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi mayor Elməddin Cəfərov, Lerik şəhər 2 saylı tam orta məktəbinin müəllimi Hacırza Quliyev, Qarabağ Müharibəsi Əlillləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon şöbəsinin sədri Veysəl Məlikov, Lerik Rayon Ağsaqqallar Şurasının sədri, əməkdar jurnalist Həmzə Vəliməmmədov, Qarabağ Müharibəsi Əlillləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bakı şəhəri Binəqədi rayon şöbəsinin sədri, Valeh Müslümovun döyüş dostu İlham Qayıbov, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək Milli Qəhrəmanın keçdiyi döyüş yoluna nəzər salıb, onun həyatının bütün gənclər üçün nümunə olduğunu qeyd ediblər. Ölkəmizdə dövlət başçısının tapşırığı ilə keçirilən belə tədbirlərin tarixi əhəmiyyət daşıdığını, gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynadığını bildiriblər. Əlavə edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən şəhid ailələrinə, Qarabağ döyüşlərində əlil olmuş şəxslərə yüksək qayğı göstərilir, onların sosial-məişət problemlərinin həllinə nail olmaq üçün kompleks tədbirlər həyata keçirilir. Hər il onlarla çoxmənzilli binalar, fərdi yaşayış evləri tikilib onların istifadəsinə verilir. Qeyd olunub ki, hər bir kəs Azərbaycanın Milli Qəhrəmanlarını tanımalı, onları təbliğ etməlidir. Azərbaycanın Milli Qəhrəmanları, o cümlədən Valeh Müslümov kimi Vətən torpağı uğrunda şəhid olmuş insanlar heç vaxt unudulmamalıdır.

Valeh Müslümovun adının əbədiləşdirilməsi ilə əlaqədar dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Təhsil aldığı orta məktəbə və Lerik şəhərinin küçələrindən birinə onun adı verilib, büstü ucaldılıb.

2012-ci ildə, Valeh Müslümovun şəhid olmasının 20-ci ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin dəstəyi ilə onun adını daşıyan məktəbdə qəhrəmanın xatirə muzeyi yaradılıb.

Milli Qəhrəmanın atası Əlizaid Müslümov çıxış edərək, göstərilən qayğı və diqqətə görə ölkə Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını bildirib

Daha sonra Milli Qəhrəmanın adını daşıyan Lerik şəhər 2 saylı tam orta məktəbində yaradılmış xatirə muzeyinə baxış keçirilib.Əməkdar jurnalist, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədovun müəllifi olduğu, Azərbaycanın Milli Qəhrəmanı Valeh Müslümovun həyatı və döyüş yolundan bəhs edən "Onu Vətən çağırdı" kitabının təqdimatı olub.

Sonda şəhidin məzarı ziyarət olunub, məzarı üstünə tər qərənfillər düzülüb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...