Hərbi qulluqçuların uşaqları üçün yeni bağça istifadəyə verildi FOTOLAR

Daxili Qoşunların hərbi qulluqçularının, onların ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması bu gün prioritet məsələlərdən biridir. Dеmək оlаr ki, hər il bütün hərbi hissələrdə müasir standartlara cavab verən yeni yaşayış binaları, yataqxanalar, sosial obyektlər istifаdəyə vеrilir və bu proses ardıcıl olaraq davam etdirilir. Daxili Qoşunların mətbuat xiudmətindən SİA-ya verilən məlumata görə, sentyabrın 1-də Daxili Qoşunların Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsinin ərazisində yerləşən və hər cür şəraitə malik uşaq bağçasında tədris ilinin açılış mərasimi keçirilib.

Tədbirdə Daxili Qoşunlar Komandanının müavini - Maddi-texniki təminat İdarəsinin rəisi general-mayor Fəxrəddin Səmədov, Daxili Qoşunların hərbi qulluqçuları və ailə üzvləri iştirak ediblər.

Açılış mərasimində çıxış edən general-mayor F.Səmədov dövlətimiz tərəfindən uşaqların tərbiyəsinə xüsusi diqqət yetirildiyini bildirərək, onların intellektual inkişafında, düzgün tərbiyə olunmasında, eləcə də məktəbəqədər hazırlıqlarında bağçaların mühüm rol oynadığını qeyd edib. Bildirilib ki, bağçada hər qrupun özünəməxsus proqramı olacaq və buna uyğun gündəlik məşğələlər keçiriləcək. Məşğələlər əsasən ana dilindən, təbiətlə tanışlıqdan, ilkin riyazi biliklərdən, fiziki tərbiyədən və musiqidən ibarətdir. Şübhəsiz ki, bu tip fəaliyyətlərin balacaların sosial bacarıqlarının formalaşmasında, dünyagörüşlərinin artırılmasında əhəmiyyəti böyükdür.

Daha sonra bağçanın müdirəsi Şəbnəm Əliyeva, eləcə də valideynlər adından çıxış edən Mehriban Muradova müasir standartlara cavab verən uşaq bağçasında tədris dövrünün açılışının onlar üçün sevindirici hal olduğunu bildiriblər. Xüsusi olaraq vurğulanıb ki, bütün bunlar Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev, eləcə də Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov tərəfindən Daxili Qoşunların hərbçilərinə, onların ailələrinə göstərilən xüsusi diqqət və qayğının bariz nümunəsidir.

Sonra qonaqlar valideynlərlə birlikdə bağçanın otaqlarını gəzmiş, uşaqlar üçün yaradılan şəraitlə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə