Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi (AUGSŞ) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə Eko-parkda ətraf mühitin mühafizəsi üzrə növbəti dəfə maarifləndirmə tədbiri keçirib. "Məktəb bağları" adlı tədbir Uşaqlarda ekoloji tərbiyə və mədəniyyətinin formalaşması və inkişafı, davamlı ekoloji tədqiqat prosesinə cəlb olunması, ekoloji hüquqların və sağlam ətraf mühitdə yaşamaq hüququnun səmərəli müdafiəsinin, xüsusilə də ekoloji vəzifələr və məsuliyyətin təbliği zəruriliyinə yönəlib.
Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası İnsan Hüquqları Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları, o cümlədən Ekologiya İdarəsinin gənc mütəxəssisləri də iştirak ediblər.
Tədbirin əsas məqsədi ictimaiyyətin diqqətini məktəblərdə həyətyanı sahələrin abadlaşdırılması və "Məktəb bağları" nın yaradılması zəruriliyinə cəlb etmək olub.
Tədbirin rəsmi hissəsində AUGSŞ-nin üzvləri Günel İsmixanova və Leyla Hacılı uşaqların ekoloji hüquq və vəzifələri, ətraf mühitin mühafizəsinə dair apardıqları layihələr haqqında təqdimatlarla çıxış ediblər.
Tədbirdə iştirak edən sözügedən dövlət strukturlarının əməkdaşları, xüsusilə Təhsil Nazirliyi müasir ekoloji problemlərin məhz uşaqlar tərəfindən araşdırılmasını və təhlil edilməsini yüksək qiymətləndiriblər. Habelə, bu cür layihələrin gənc nəslin ekoloji davranışının formalaşmasına, ekoloji hüquq tərbiyəsinə yönəldiyi vurğulanıb.
Bakı şəhərinin bir sıra məktəblərinin də qatıldığı tədbirin ikinci hissəsi açıq havada AUGSŞ-nin liderlərinin təşkil etdikləri "Məktəb bağları" adlı rəsm və foto sərgisi ilə davam etdirilib. Sərginin məqsədi şagirdlərdə təhsil aldıqları məktəblərin həyətyanı sahəsinin abadlaşdırılmasına, ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq olub. Sözügedən sərgidə nümayiş etdirilən nümunələrdə məktəblilər öz təhsil ocaqlarının həyətyanı sahəsinin görüntülərini əks etdirib, gələcəkdə həmin təhsil ocaqlarını necə görmək istədiklərini eskiz şəklində nümayiş etdiriblər.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB