“Ceyrançöl təmizləmə layihəsi”nin birinci mərhələsi başa çatıb

“Ceyrançöl təmizləmə layihəsi”nin birinci mərhələsi başa çatıb

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) "Ceyrançöl təmizləmə layihəsi"nin birinci mərhələsini başa çatdırıb. ANAMA-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, NATO Dəstək Agentliyinin (NSPA) Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun dəstəklədiyi layihənin birinci mərhələsi olan 19 kv.km ərazinin təmizlənməsi NATO tərəfindən 4 oktyabr 2011-ci il tarixdə rəsmən təsdiq olunub. ABŞ layihə üzrə aparıcı ölkə rolunu öz üzərinə götürüb. Azərbaycan hökuməti layihənin ümumi dəyərinin 50% miqdarında maliyyə vəsaiti ayırıb.

Layihənin 28 ay davam etmiş birinci mərhələsi çərçivəsində 19 kv.km ərazi tam təmizlənib və 14 578 PHS tapılaraq zərərsizləşdirilib.

Layihənin ikinci mərhələsinə 2014-cü ilin iyul ayından start verilməsi və 24 ay müddətində 23 584 545 kv.m əhatə edən sahənin təmizlənməsi nəzərdə tutulur.

Bakı şəhərində layihənin birinci mərhələsinin yekunlarına həsr olunan tədbirdə baş nazirinin müavini Abid Şərifov və NATO Dəstək Agentliyinin (NSPA) rəhbəri Mayk Layden, eləcə də Azərbaycanda akkreditə olunan diplomatik korpusların nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisi 1955-1991-ci illər ərzində keçmiş Sovet hərbi ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə