Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən mətbuat nümayəndələri üçün "KİV-in ailə dəyərlərinə təsiri" mövzusunda təlim keçirilib. SİA-nın məlumatına görə, tədbirin məqsədi kütləvi informasiya vasitələrinin (KİV) ailə dəyərlərinə, insanların psixikasına təsirinin, uşaqların və gənclərin tərbiyəsindəki rolunun öyrənilməsi, nəsillər arası münasibətlərdə televiziyanın mənəvi və əxlaqi təsirinin aktual problemlərinin həlli yollarının araşdırılmasıdır.
Təlimdə çıxış edən təlimin moderatoru, komitənin İnformasiya və Sosial Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, komitə tərəfindən bir neçə dəfə bu təlim keçirilib.
Təlim haqqında geniş məlumat verən komitənin İnformasiya və Analitik Araşdırma şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova Azərbaycan ailəsi modelinin KİV vasitəsilə düzgün tanıdılmasının əhəmiyyəti mövzusunda çıxış edib. Məlumatların operativ çatdırılmasında KİV-lərin mühüm rol oynadığını deyən A.Veysəlova bildirib ki, məlumatların çatdırılmasında onun düzgünlüyü əsas məqamlardan biridir.
Daha sonra baş məsləhətçi müasir ailənin funksiyaları haqqında məlumat verib: "Azərbaycanda 2 milyondan artıq ailə var, lakin hər bir ailənin özünün individual məqamları var".
Təlimdə çıxış edən komitənin Hüquq-təminat şöbəsinin müdiri Taliyə İbrahimova məsələyə hüquqi yanaşma, KİV-də gender əsaslı zorakılıq məsələlərin işıqlandırılmasının prinsip və standartlar mövzusunda çıxış edib. O bildirib ki, gender ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadın münasibətlərinin sosial cəhətidir.
Onun sözlərinə görə, hər zaman olduğu kimi, bu gün də ölkəmizdə gender problemləri mövcuddur: "Azərbaycanda qadın kişi arasında hüquq bərabərliyi var. İmkanlar yaradılır. Lakin cəmiyyətimizdə bu model hələ tam formalaşmayıb. Vəzifədə olan qadınlarımızın sayına baxsaq onların azlıq təşkil etdiyini görmək mümkündür. Milli Məclisdə təmsil edilən qadınlar 16 faiz təşkil edir. Bu, əlbəttə azdır. Hər hansı bir qərara təsir etmək üçün orada qadınların sayı ən azı 35 faiz təşkil etməlidir. Lakin burada dövlət günahkar deyil, günahkar cəmiyyətimizdə formalaşan bəzi fikirlərdir. Bəzən cəmiyyət qadınların hər hansı bir vəzifədə çalışmasını düzgün qəbul etmir. Nədənsə hər hansı bir vəzifə, iş deyiləndə cəmiyyətdə kişi cinsi önə çəkilir. Bu da əlbəttə ki, qadınlara qarşı ayrı-seçkilikdir".
T.İbrahimova Məişət Zorakılığı ilə bağlı Azərbaycanda mövcud olan qanunlardan da bəhs edib.
Onun sözlərinə görə, məişət zorakılığı halları ilə yalnız polis məşğul olmur Preziden İlham Əliyevin fərmanı ilə yerli icra orqanlarına da məişət zorakılığı halları ilə bağlı məsələləri araşdırmaq hüququ verilib.
Nöqsanlara gəlincə, T. İbrahimova vurğulayıb ki, cinslər arasında bərabərliyin təbliğatında KİV-in roluna az əhəmiyyət verilir.
Təlimdə çıxış edən AQUPDK sədr müavini Aynur Sofiyeva təlimdə iştirak edən jurnalistlərə təşəkkürünü bildirib. A. Sofiyeva bildirib ki, komitənin KİV-lərlə iş aparmağa ciddi ehtiyacı var: "KİV-lərin bu istiqamətdə fəaliyyəti nəticəsində ciddi nəticələr əldə etmək olar. Bu gün bəzi KİV-lərdə yad elementlərin artdığının şahidi oluruq. Bu elementlər cəmiyyətimizin həyatına, uşaqların tərbiyəsinə böyük təsir edir. Biz bu problemlərlə mübarizə aparmalıyıq. Bizim məqsədimiz KİV-lərə nəsə öyrətmək deyil, əksinə sizin fikirlərinizi alıb problemlərin qarsının alınması istiqamətində birgə fəaliyyət göstərməkdir".
Təlimdə ailə dəyərləri ilə bağlı video-rolik təqdim olunub. BDU-nin müəllimi Turac Qəhrəmanova bu sahədə jurnalistlərin hazırlanması ilə bağlı çıxış edib.
Təlimin sonunda jurnalistlərə komitə adından sertifikatlar paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB