“Gənclər Evi-Gənclərin ətraf mühit məsələlərində iştirakının artırılmasında platformadır”

“Gənclər Evi-Gənclərin ətraf mühit məsələlərində iştirakının artırılmasında platformadır”

"Gənclər Evi-Gənclərin ətraf mühit məsələlərində iştirakının artırılmasında platformadır" adlı layihənin yekun hesabat konfransı keçirilib. SİA-nın məlumatına görə tədbirdə, Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, gənclər və medya nümayəndələri iştirak edib.

Hesabat məruzəsi ilə çıxış edən layihənin koordinatoru Mirhəsən Seyidov deyib ki, 2 il bundan öncə start verilən layihə Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BMT-nin Uçaq Fondunun (UNİCEF) tərəfdaşlığı, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin maliyyə dəstəyi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə başa çatıb: "Son 2 ildə Yevlax, Sabirabad, Goranboy, Göygöl və Lənkərandan olan gənclər ətraf mühit və ekologiya sahəsində Gənclər Evlərinin imkanlarından istifadə etməklə təlimləndirilib, gənclərin ətraf mühiti qorunması məsələləri sahəsində qərar qəbulu proseində aktiv iştirakı təmin edilib. Layihədə iştirak edən hər bir region gənci arasından 25 nəfərlik xüsusi ekologiya qrupları yaradılıb. 2013-2014-cü illər ərzində gənclər 20 kiçik həcmli layihənin tərtib olunması və icrası prosesində iştirak edib, həmçinin kiçik həcmli ucqar dağ kəndlərindən də 900-dən artıq gənc bu prosesə cəlb olunub".

Layihənin əhəmiyyətini vurğulayan Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov deyib ki, ətraf mühitin müafizəsi və çirklənməsinin qarşısının alınması məsələləri son 65 il ərzində daha böyük aktuallıq kəsb etməyə başlayıb: "İkinci dünya müharibəsindən sonra dünyada elm, texnika böyük sürətlə inkişaf etməyə başladı. Bununla da elm inkişaf etdi. Buna baxmayaraq, digər tərəfdən də bu inkişaf ətraf mühitə mənfi təsirlərini göstərdi. Nəticədə çirklənmə artdı və ətraf mühitin mühafizəsində çətinliklər yarandı. Təəssüf ki, Azərbaycan dünyanın tərkib hissəsi kimi bu proseslərdən kənarda qalmadı".

Çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev və ARGTMŞ-ın sədri Şahin Seyidzadə layihənin əhəmiyyətindən danışıblar.

Daha sonra "Layihənin uğur hekayəsi" adlı videoçarxın nümayişi olub.

Sonda layihə iştirakçıları təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə