Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilir. SİA-nın məlumatına görə, tədbiri AMEA-nın prezidenti Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib, ilk olaraq "Azərbaycanın bitki genetik ehtiyatları üzrə informasiya sistemi" adlı məruzənin əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycanda ilk dəfə bitki genetik ehtiyatları (BGE) üzrə informasiya bazasının formalaşdırılmasının əsasları işlənib hazırlanıb, yeni informasiya axtarış sistemi yaradılıb və onun əsasında milli invertarlaşdırma həyata keçirilib.
Genetik Ehtiyatlar İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkbərov və şöbə müdiri Afiq Məmmədov sözügedən informasiya sistemi barədə məruzə ilə çıxış ediblər. Məruzəçilər mədəni bitkilər və onların yabanı əcdadlarının milli genetik fonduna daxil olan 118 fəsilə, 432 cins və 847 növə aid 11 minə qədər qiymətli bitki nümunəsi haqqında informasiyaların mərkəzi məlumat bazasında toplanaraq təhlil edildiyini nəzərə çatdırıblar.
Tədbirdə o da bildirilib ki, BGE üzrə informasiya sistemi bitki müxtəlifliyinin yüksək səviyyədə idarə olunması, məqsədyönlü toplanması, etibarlı mühafizəsi, hərtərəfli tədqiqi və səmərəli istifadəsinin təmin olunmasında əvəzsiz vasitədir.
Məruzə bəyənilib, tam informasiya sisteminin və üçölçülü interaktiv xəritələrin yaradılması istiqamətində AMEA-nın Aqrar Elmlər Bölməsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə tədqiqatlar aparmaq tapşırılıb, elmi tədqiqat işlərini genişləndirmək qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB