Münaqişənin həllinin uzanmasından daha çox qaçqın və məcburi köçkünlər əziyyət çəkirlər

Dekabrın 4-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempellə görüşüb. SİA-nın verdiyi məlumata görə, Azərbaycanda yeni fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edən və ona gələcək fəaliyyətində uğurlar arzulayan Baş nazirin müavini Əli Həsənov Azərbaycanla Almaniya arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu diqqətə çatdırmaqla bu əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri həmçinin bu ölkəni təmsil edən beynəlxalq humanitar təşkilatların xətti ilə azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən köməkliyə görə Almaniya Federativ Respublikası hökumətinə təşəkkürünü bildirib.

Ermənistanın hərbi təcavüzünün nəticələri, qaçqın və məcburi köçkünlərin vəziyyəti və onların sosial, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində görülən işlər və digər məsələlər barədə ətraflı söhbət açılan görüşdə həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun yaranma tarixi və səbəbləri, Azərbaycan dövlətinin münaqişənin həlli istiqamətində yürütdüyü siyasət, Ermənistanın qeyri-konstruktiv mövqe tutması nəticəsində problemin hələ də həllini tapmaması, ATƏT-in Minsk qrupunun, eləcə də bəzi nüfuzlu beynəlxalq təşkilatların problemin həllinə loyal münasibət bəsləmələri və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Baş nazirin müavini Əli Həsənov onu da diqqətə çatdırıb ki, Azərbaycan dövləti hazırda bu təbəqədən olan vətəndaşlarının bütün problemlərinin həllini öz üzərinə götürüb və bu işin öhdəsindən lazımınca gəlir. Ancaq bunlara baxmayaraq ölkədə beynəlxalq humanitar və yerli qeyri-hökumət təşkilatlarının fəaliyyətlərini davam etdirməsinə də zərurət var. Onların fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən hərtərəfli şərait yaradıldığını deyən Əli Həsənov bildirib ki, hazırda ölkəmizdə Almaniya hökumətinin də təmsil olunduğu 30-a yaxın beynəlxalq və 70-ə yaxın yerli qeyri-hökumət təşkilatı fəaliyyət göstərir.

Hərtərəfli məlumata və səmimi görüşə görə minnətdarlığını bildirən almaniyalı diplomat Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatının nümayəndəsinin də daxil olduğu bu görüşə gəlməsinin əsas məqsədinin ölkəsinin Avropa ailəsində Azərbaycandakı qaçqın və məcburi köçkün probleminin həllinə adıçəkilən təşkilatın xətti ilə kömək göstərməkdən ibarət olduğunu vurğulayıb. Almaniya ictimaiyyəti arasında bütün bunlardan az məlumatlı olduqlarından təəssüfləndiyini dilə gətirən xanım Haydrun Tempel onu da bildirib ki, qaçqın və məcburi köçkün problemi ilə bağlı yeni layihə həyata keçirməyə hazırlaşırlar ki, yaxın vaxtlarda da buna başlanılacaqdır.

Görüşdə qonaq həmçinin Azərbaycanın sürətli inkişafından, burada gördüyü səmimi münasibətdən məmnunluğunu ifadə edərək xüsusilə bu yaxınlarda Göygöl rayonuna səfəri zamanı burada vaxtilə almanların yaşadığı ərazinin orjinal arxitekturasının və şəhər quruluşunun qorunub saxlanmasını və Azərbaycan hökuməti tərəfindən alman irsinə xüsusi diqqət göstərildiyini yüksək dəyərləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...