Yazıçı-publisit İlham Əliyevin detektiv janrda yazılmış növbəti kitabı oxucularların ixtiyarına verilir
“Qanlı vadi” sənədli roman

"Qanlı vadi" sənədli romanı ilə yazıçı-publisit İlham Əliyev oxucuların görüşünə ikinci dəfədir gəlir. Sadə, oxunaqlı dildə, detektiv janrında yazılmış "Qanlı vadi" müstəqilliyin ilk illərində Azərbaycanda baş vermiş qanlı qətllərdən, müdhiş cinayətlərdən bəhs edir. Roman maddi çətinlik üzündən pis yola düşmüş, fahişəlik etməyə məcbur olmuş gənc Afaqın başına gələn hadisələrlə başlayır. Cinayətkar adamlarla oturub-duran Afaq özü də bilmədən ağır cinayət planına şahid olur və bununla da onun faciəsi başlanır. Roman başlanandan oxucu həyəcanla Afaqın başına gələnləri izləyir. Onu bir sual düşündürür: Afaq özü də bilmədən düşdüyü bu qanlı vadidən çıxacaq, ya bu vadidə çabalaya-çabalaya öz qanında boğulacaq?

Dövr ağırdı, zəmanə pisdi. Gənc dövlət hələ ölkənin kriminogen durumuna nəzarət edə bilmir. Cinayətkar dəstələr at oynadır, vətəndaşların şəxsi həyatı təhlükə altındadır. Ayrı-ayrı cinayətkarlar öz dəstələrini yaradıb, oğurluq, talan və sifarişli qətllərlə məşğul olurlar. Ən pisi isə odur ki, peşəkar oğruları, qatilləri, qanqsterləri birləşdirən bu cinayətkar dəstələr dövlət içində yuva salmış yüksək rütbəli adamlardan dəstək alır, onlar tərəfindən himayə olunurlar. Onlar arasında anlaşma da yaranıb: cinayətkar dəstələr talanla, oğurluqla milyonlar qazanır, dövlət içində yuva salmış cinayətkarlar isə buna göz yumaraq həm payını alır, onların əli ilə öz rəqiblərini aradan götürür, insanları psixoz vəziyyətdə saxlayırlar. Gənc Afaq cinayətkar dəstələrin elə müdhiş özbaşınalığına şahid olur ki, dövlətə, hüquq-mühafizə orqanlarına inamı itir. Hətta saflığını saxlamış "rayonlu balası" Natiq müəllim belə onu inandıra bilmir.

Romanda Natiq obrazı da maraqlıdı. Bakıya təkmilləşdirmə kursuna gəlmiş Natiq olduqca saf, təmiz qəlbli bir əyalət adamıdır. O, yolda yaralı, qan içində tapdığı Afaqı atıb getmir, ona hər cür yardım edir, pal-paltar alır, evinə gətirir. Natiqin Afaqa köməyi tək bununla bitmir. Natiqin kişiyana davranışı, düzlüyü, cəsurluğu Afaqda müsbət keyfiyyətlər aşılayır, onu yenidən sağlam həyata bağlayır. Sağalıb normal həyata dönən Afaq bütün kişilərdə Natiqdə olan müsbət keyfiyyətləri axtarır. Natiqə rast gəlməsəydi, bəlkə də Afaqın aqibəti tamam başqa cür ola bilərdi. Mafiya qarşısında aciz görürən gənc uzaqbaşı onu bü günə salan, döyüb, çölün düzünə atan Bəşirlə haqq hesab çəkəcək, onu güllə ilə vuracaqdı. Amma Natiqin cəmiyyətin sağlam hissəsinə, vicdanlı dövlət adamlarına inamı Afaq da sirayət edir. Onun gözüqaralığına, cəsarətinə Natiqin təmkini, tədbirliliyi də əlavə olunur. Onlar birlikdə hərəkət edərək Natiqin qardaşı Cəlalı, Afaqın rəfiqəsi Ninkanı qətlə yetirmiş cinayətkarlardan qisas ala bilirlər.

Roman Afaqın rayona - "oğrun-oğrun ona göz qoyan qonşu oğlan Mərdan"a dönüşü ilə başa çatır. Gənc vaxtı qaynar paytaxt həyatına atılmış, cinayətkarların arasına düşmüş, bir daha sağlam həyat qayıdacağına ümidi olmayan Afaq Natiqin mənəvi dəstəyi, Mərdanın inamı və sevgisi sayəsində normal həyata dönür. Romanın əsas qəhrəmanı Afaq olsa da, onun uğurlarının arxasında tipik qafqazlı, Azərbaycan kişisinin xüsusiyyətlərini daşıyan Natiqin mərd, insansevər xarakteri dayanır. Yazıçı Anarın məşhur qəhrəmanı Təhminənin "əsil kişi odur ki, fahişəni mələyə çevirsin" fəlsəfəsi burada təsdiqini tapır. Natiq həyatın fahişəyə çevirdiyi Afaqı mələyə çevirə bilməsə də, ən azından normal, sağlam həyata qaytara bilir. Afaq ailə qurmaq məqsədilə Bakıdan rayona qayıdır.

Əsər pozitiv mesajları ilə diqqəti çəkir. Heç bir yol, o cinayət olsa belə, əbədi deyil. İnsan özündə iradə tapmalı və sağlam həyata dönməlidir. Birinci yolda pul, əyləncə, eyş-işrət olsa da, uzunömürlü deyil. İkinci yolda isə insanı maddi çətinlik, pis güzəran tapa bilər. Amma insan təmiz adını, sağlam, cəmiyyətə faydalı həyat tərzindən heç zaman imtina etməməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə