İyulun 21-də baş vermiş hadisə nəticəsində azyaşlı İmran Cəfərzadənin ayağını itirməsindən sonra yerli mətbuatda otel və istirahət mərkəzlərinə lisenziya vermək məsələsi gündəmə gəlib. Belə ki, otellərə lisenziya verilməmişdən əvvəl hansı şərtlər əsas götürülür? Əhalinin təhlükəsizlik məsələsi lisenziyaların verilməsi tələblərinə daxil deyilmi? Bütün bu suallara cavab tapmaq üçün Mədəniyyət və Turizm Nazirliyinin sektor müdirinin müavini Rəhman Oruclu ilə əlaqə saxladıq.
Məsələ ilə bağlı SİA-ya açıqlama verən qurum rəsmisi bildirib ki, otellərə xüsusi razılığın (lisenziya) verilməsi üçün bir sıra vacib sənədlər tələblər olunur: "Mülkiyyət hüququ, istismara qəbul aktı, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, eləcə də yanğın təhlükəsizliyinə verilən rəy və şirkətə aid bir sıra müəyyən sənədlər qaydasında olsa, o zaman həmin istirahət mərkəzlərinə lisenziya verilə bilər. Bununla yanaşı, həmin məkanın vergi ödəyicisi və qeydiyyat şəhadətnaməsi qaydasında olmalıdır. Bu sənədlərin hamısı təqdim olunandan sonra müvafiq qaydada lisenziyalaşdırma işləri həyata keçirilir".
R. Oruclu onu da qeyd edib ki, otellərin və ya istirahət mərkəzlərinin ərazisində attraksionların olmasına görə heç bir yerə lisenziya verilmir: "Lisenziya ancaq yataq yerləri olan mehmanxana və mehmanxana tipli obyektlərə verilir".
"Xaçmaz rayonu ərazisində yerləşən "CTF" firmasına məxsus "Nabran" istirahət mərkəzində baş vermiş bədbəxt hadisənin səbəblərini araşdırmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılan Monitorinq komissiyası hadisə yerinə ezam olunmuşdu. Müəssisənin fəaliyyətini, mövcud şəraiti, təhlükəsizlik qaydalarına hansı səviyyədə əməl olunmasını və digər göstəriciləri ətraflı araşdıran komissiya bu sahədə ciddi nöqsanlar aşkar edib və müəssisənin fəaliyyətinin dayandırılmasını tövsiyə edib. Bununla əlaqədar, Mədəniyyət və Turizm Nazirliyi iyulun 25-də "Nabran" istirahət mərkəzinin fəaliyyətinə verilən xüsusi razılığın (lisenziyanın) ləğv edilməsi barədə əmr verib",- deyə o fikirlərinə əlavə edib.
Lisenziya ləğv edildikdən sonra "Nabran Holiday Village" istirahət zonasının fəaliyyətini davam etdirməsi məsələsinə münasibət bildirən nazirlik rəsmisinin sözlərinə görə, bəzi KİV-lər tərəfindən yayılan bu kimi məlumatlar təxribatdan başqa bir şey deyil: "Kütləvi informasiya vasitələri bu məsələ ilə bağlı yalan məlumat yayıb. Əlbəttə ki, "Nabran Holiday Village" hazırda fəaliyyət göstərmir. Əminliklə deyə bilərəm ki, lisenziyası ləğv edildikdən 2-3 gün sonra məkan tamamilə boşaldılıb. İstirahət zonasında olan şəxslər başqa məkanlara köçürülüb. Orada heç bir fəaliyyətdən söhbət gedə bilməz və baş vermiş hadisədən sonra həmin məkana heç bir yeni turist gəlməyib".
"Həmin məkana yenidən lisenziya qaytarıla bilərmi" sualına isə qurum rəsmisinin cavabı belə olub: "Hazırda orada istintaq işləri gedir. Hadisənin əsas təfərrüatları araşdırılır. Bu barədə dəqiq bir şey demək mümkünsüzdür".
Yay mövsümündə xarici ölkələrə istirahətə getməyə maddi cəhətdən imkanı çatmayan vətəndaşlarımız bölgələrdəki guşəli məkanlara üz tuturlar. Lakin qənaətcillik etdiyini düşünən vətəndaşlarımız, sonradan onları hansı xəstəliklərin gözlədiyindən xəbərsizdirlər. Çünki bölgələrimizdə fəaliyyət göstərən istirahət məkanlarının əksəriyyəti sanitar qaydalara riayət etmir. Buna misal olaraq, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən "Atlant" istirahət mərkəzinin mətbəxində bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, Xaçmaz Ərazi İdarəsi tərəfindən "Atlant" MMC-yə məxsus istirahət mərkəzində standartlara, metroloji qayda və normalara riayət olunmasının səviyyəsini araşdırmaq məqsədilə dövlət nəzarəti tədbirləri həyata keçirilib. Aparılan araşdırma nəticəsində məlum olub ki, mətbəxlər antisanitar vəziyyətindədir, havalandırma sistemi mövcud deyil, işçilər gigiyenik tələblərə əməl etmir, soyuducu kameralarda, anbarlarda saxlanılan xammalların, yarımfabrikatların saxlanma rejiminə əməl olunmur.
Bundan sonra Nabrana istirahət adı ilə getmək istəyənlər qərarlarını rahat verə biləcəklərmi? Artıq həmin ərazidə yerləşən istirahət məkanlarının rahatlığa zəmanət verməsi məsələsi şübhə altına düşüb. Həyat və sağlamlıqlarının təhlükə altında olmaması üçün onlara kim zəmanət verə bilər?! Bütün baş verənlərdən sonra istirahət edənlərə daha diqqətli olmağı tövsiyə edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB