İnam Kərimov: "“ASAN xidmət”-də korrupsiya mümkün deyil"

İnam Kərimov: "“ASAN xidmət”-də korrupsiya mümkün deyil"

"Azərbaycanda "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti başladığı dövrdən 150 mindən çox insana xidmət göstərilib". SİA-nın məlumatına görə, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Ombudsmanların XI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2-si Bakıda, 1-i isə Sumqayıtda olmaqla hazırda üç "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir: "Bu ilin sonuna kimi Bakıda 2 əlavə, rayonlardan isə Gəncədə yeni xidmət mərkəzi açılacaq. Mərkəzlərin açılması ləngiyən bölgələrdə xüsusi avadanlıqlarla təchiz olunan avtobuslar göndəriləcək və insanlara xidmət göstəriləcək. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan insanlar üçün mobil asan xidmətlər fəaliyyət göstərəcək ki, bunun vasitəsilə mərkəzin məsul şəxsləri istənilən ünvanlara gedib vətəndaşlara xidmət edəcəklər".

Kərimov qeyd edib ki, vətəndaşlar xidmət alan zaman vaxt qazanmalıdır. Bunun üçün də "ASAN xidmət" mərkəzlərində lazım olan bütün şərait yaradılıb: "Şəffaflıq bizim sahədə əsas məsələdir. Burada ən vacibi maliyyə məsələləridir. "ASAN xidmət" mərkəzlərində korrupsiya halları mümkün deyil. Belə hallar aşkarlansa, o zaman həmin şəxs işdən azad olunaraq, cinayət məsuliyyətinə cəlb olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə