“QARABAĞ” xüsusi buraxılışı-elmi məqalələr toplusunun təqdimatı keçirilib

“QARABAĞ” xüsusi buraxılışı-elmi məqalələr toplusunun təqdimatı keçirilib

Bu gün Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyinin ("GEAD" İB) təşəbbüsü ilə Türkiyənin Fırat Universiteti "Orta Doğu Araşdırmaları Mərkəzi"nin Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə birgə hazırladıqları "QARABAĞ" xüsusi buraxılışı-elmi məqalələr toplusunun təqdimatı keçirilib. SİA-nın məlumatına görə, konfransda millət vəkilləri, AMEA-nın müxtəlif institutlarının, ali məktəblərin, müvafiq dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və digər təşkilatların nümayəndələri də iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ("GEAD" İB) sədri, dosent Məmmədəli Babaşlı bildirib ki, son dövrlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ideoloji vasitə kimi təbliğat materiallarından səmərəli istifadə olunur. Sədr qeyd edib ki, məhz buna görə, dünyanın müxtəlif ölkələrində Qarabağ həqiqətlərinin tanıdılması ilə bağlı müxtəlif silsilə tədbirlər keçirilir və xarici ölkələrin nüfuzlu media orqanlarında Azərbaycan həqiqətləri çap olunur: " Bu istiqamətdə aparılan dövlət siyasətinin tərkib hissəsi kimi "GEAD" İctimai Birliyi də Qarabağ həqiqətlərinin hüquqi, siyasi, sosial-iqtisadi və psixoloji aspektdən elmi tədqiqatlar müstəvisində təhlil olunmasını zəruri hesab edərək, "QARABAĞ" xüsusi buraxılışı-məqalələr toplusunun hazırlanmasını əhəmiyyətli hesab edilib. Topluda 17 məqalə yer alıb ki, bunların da 6-sı Azərbaycan, 11-i isə Türkiyə universitetlərinin ali məktəb alimlərinin məqalələridir. Kitab 500 nüsxədə nəşr olunub. Nəşrin 200 nüsxəsi Azərbaycan, 300 nüsxəsi isə Türkiyə kitabxanalarına və ali məktəblərinə verilib".

Prezident Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin rəsmisi Vüsal Quliyev konfransda çıxışında bildirib ki, artıq təkcə Azərbaycanda fəaliyyət göstərən QHT-lər deyil, xarici QHT-lər də Xocalı soyqırımı və Dağlıq Qarabağ həqiqətləri barəsində öz dərgilərində geniş yer ayırıblar və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Azərbaycana yardım edirlər: "Təqdimatı keçirilən toplunun digərlərindən fərqi ondan ibarətdir ki, toplunun hazırlanmasında geniş araşdırmalar aparılıb. Azərbaycanda baş vermiş faciələrə hüquqi qiymət verilməsi üçün hadisələr iqtisadi və sosial baxımdan ciddi araşdırılıb, bu cəhət isə toplunu əvvəlki illərin nəşrlərindən fərqləndirir".

Daha sonra digər tədbir iştirakçıları "QARABAĞ" xüsusi buraxılışı-məqalələr toplusunda Dağlıq Qarabağ həqiqətlərinin və Xocalı Soyqırımı hadisələrinin aparılan araşdılarmalar nəticəsində ətraflı nəşr olunduğunu bildiriblər. Tədbir topluda qeyd olunan məqalələrin müzakirəsilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə