Lukaşenko Azərbaycanın mövqeyini dəstəklədi

Lukaşenko Azərbaycanın mövqeyini dəstəklədi

Məlum olduğu kimi Belarusun paytaxtı Minsk şəhərində dekabrın 10-11-də "Postsovet məkanındakı inteqrasiya prosesləri və yeni media" mövzusunda VII Avropa və Asiya Media Forumu keçirilir. SİA-nın verdiyi məlumata görə, tədbirdə MDB, Baltikyanı ölkələr və Gürcüstanın 200-dən artıq qabaqcıl KİV-inin rəhbərləri iştirak edirlər.

Bu gün Forum çərçivəsində aparıcı media orqanlarının rəhbərləri ilə Prezident Aleksandr Lukaşenkonun görüşü baş tutub. MDB, Baltikyanı ölkələrin və Gürcüstanın baş redaktorlar klubunun üzvləri ilə prezidentin görüşündə Azərbaycan nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, baş redaktorlar klubu 6-cı Avropa və Asiya Media Forumu (AAMF) çərçivəsində təsis edilib. Forum 2011-ci ilin noyabrında Qazaxıstanın paytaxtında keçirilib. Klub postsovet məkanında media menecerlərinin əməkdaşlığı məqsədilə yaradılıb. Klubun vəzifələrinə fəaliyyətlərin uyğunlaşdırılması, peşəkar problematikaya həsr olunan ictimai-siyasi tədbirlərin təşkili, həmçinin postsovet məkanı ölkələrinin hakimiyyət, ictimai və biznes strukturlarının nümayəndələri ilə görüşlərin təşkil edilməsi daxildir.

Lukaşenko Media Forumu haqqında fikirlərini bildirib və qonaqlara ölkəsi haqda geniş məlumat verib. Belarus Prezidento bildirib ki, bu gün KİV-in əsas vəzifəsi destruktiv ideyaların cəmiyyətə yol tapmasının qarşısını almaq, insanların və hakimiyyətin dialoqunu təşkil etməkdən ibarətdir.

Forumun "Postsovet məkanındakı inteqrasiya prosesləri və yeni media" mövzusunda keçirilməsini alqışlayan Belarus prezidenti deyib ki, inteqrasiyanın əsasında maraqların balansı və əhalinin həyat səviyyəsinin yüksəldilməsidir: "Belarus postsovet məkanında inteqrasiya layihələrinin təşəbbüskarı və dəstəkləyicisi olub".

Prezident Azərbaycanla bağlı maraqlı məqamlara da toxunub. Lukaşenko Azərbaycanı Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsi kimi xarakterizə edərək qazanılan uğurların əsasında Prezident İlham Əliyevin yürütdüyü düzgün və əsaslandırılmış iqtisadi siyasətin dayandığını qeyd edib.

Belarus prezidenti Ermənistan nümayəndələrini məyus edən çıxışı ilə də yadda qalıb. Bildirib ki, Ermənistanın işğalçılıq siyasəti və Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu qeyri-konstruktiv mövqe Cənubi Qafqazda təhlükəsizlik və inkişaf proseslərinə mənfi təsir göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə