"Azərbaycanda mina qurbanlarının sayı 2 dəfə çoxdur"

"Azərbaycanda mina qurbanlarının sayı 2 dəfə çoxdur"

"Hər gün 12 insan mina partlayışlarından həlak olur və ya yaralanır". SİA-nın verdiyi xəbərə görə, bunu Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin Sədri Hafiz Səfixanov birliyin keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 30 Noyabr 2012-ci il tarixdə Cenevrə şəhərində Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya Ottava Konvensiyası üzrə növbəti illik hesabatı təqdim edib: "Hesabatda bildirilir ki, bu Konvensiyaya üzv ölkələrin sayı artaraq 160-a çatıb və bu ölkələr öz öhdəlikləri yerinə yetirirlər. Əvvəllər minalanmış olan yüz min kvadrat kilometrlərlə ərazilər təmizlənib və insanların istifadəsinə verilib. Dünya üzrə həyata keçirilmiş 37 layihə nəticəsində 325000 piyada əleyhinə və 30000 tank əleyhinə mina təmizlənib ki, bunun da nəticəsində 190 kvadrat kilometr ərazi istehsala verilib. Ən əsası isə son il ərzində qeydə alınan yeni mina qurbanlarının sayı kəskin şəkildə azalaraq 4286 nəfərə çatıb. Lakin bütün bunlara baxmayaraq hələ də hər gün 12 insan mina partlayışlarından həlak olur və ya yaralanır".

Bundan başqa Hafiz Səfixanov deyib ki, hesabat dövründə mina qurbanlarının problemlərinin həllinə yönəlmiş maliyyə vəsaitləri də nəzərəçarpacaq dərəcədə azalıb. O bildirib ki, hesabat dövründə minalarla mübarizəyə yerli və beynəlxalq donorlar tərəfindən ən maksimum məbləğ – 662 milyon ABŞ dolları vəsait ayrılıb.

"Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazdakı digər ölkələrdən 2 dəfə çoxdur. Aparılan təhqiqatlar, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2012-ci il 11 ayı ərzində 14 hadisə nəticəsində 18 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Nəticədə 2 mülki şəxs həlak olmuş və 4 mülk şəxs (bir nəfər 15 yaşlı uşaq PHS-dan) yaralanıb. Bundan başqa 3 nəfər hərbçi həlak olmuş və 6 nəfər hərbiçi yaralanıb"-deyə birliyin sədri əlavə edib.

Sədr onu da qeyd edib ki, 2012-ci ildə minalar və partlamamış hərbi sursatlarla bağlı Goranboy rayonunda 4 hadisə, Füzuli rayonunda 3 hadisə, Tərtər rayonunda 3 hadisə, Ağdam rayonunda 3 hadisə və Tovuz rayonunda isə 1 hadisə baş verib. Bu da ötən illə nisbətdə minalar və partlamamış hərbi sursatlarla bağlı yaranan problemlərin artması deməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə