"Azərbaycanda bu problem var"

"Hələ ki Azərbaycanda qadınların sayının kişilərin sayı ilə müqayisədə faizlə ciddi azalması halı yoxdur". SİA-nın məlumatına görə, bunu Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında deyib: "Azərbaycanda cinsi qız olan uşaqların abort olunmasının qarşısını almaq üçün qanunvericiliyə dəyişiklik ediləcək. Biz qanunvericilikdə bu problemi hər dəfə qaldırırıq. Hazırda Milli Məclisin Sosial Siyasət Komitəsi ilə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən birgə yeni dövlət proqramı hazırlanır. Bu məsələ də həmin proqrama daxil ediləcək".

Komitə sədri onu da deyib ki, Milli Məclisin payız sessiyasında "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi müzakirə olunacaq. Komitə isə bu problemlə bağlı öz təkliflərini irəli sürəcək. H.Hüseynova bildirib ki, cinsi fərqliliyə gətirib çıxaran məsələ qanunvericilikdə əks olunmalıdır: "Bu çox ciddi problemdir. Məsələ ilə bağlı qanun qəbul olunduqdan sonra biz biləcəyik ki, hələ doğulmayan qız uşaqları dövlət tərəfindən qorunur. Azərbaycan bir çox konvensiyalara qoşulub. O cümlədən BMT-nin "Qadınlara qarşı diskriminasiyanın bütün hallarını aradan qaldırma" konvensiyasına da qoşulub və Azərbaycan dörd ildən bir bununla bağlı hesabat verir. İki ilə biz yenə hesabat verəcəyik. Ona görə də istəyirik ki, o dövrə qədər bu problemi həll edək".

Bütün xəbərlər Facebook səhifəmizdə