Köçkün uşaqlar yay məktəbinin iştirakçısı olub

Köçkün uşaqlar yay məktəbinin iştirakçısı olub

"Azərbaycan Futuroloqlar Cəmiyyəti" ictimai birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Məcburi köçkün uşaqlar üçün yay məktəbinin təşkili" layihəsini başa çatdırıb. Layihə çərçivəsində erməni təcavüzünün qurbanları olan 50 nəfər məcburi köçkün uşaq yay məktəbinin iştirakçısı olub.

Goranboy rayonu, Ağcakənd qəsəbəsində təşkil olunan yay düşərgəsində qalan uşaqlar Gəncə şəhərində dahi Nizami Gəncəvinin məqbərəsini, qəhrəmanlıq tariximizin ən parlaq nümunəsi olan Cavadxan məqbərəsini ziyarət edib, bir çox tarixi abidələrlə, o cümlədən Bərdə şəhərində yerləşən və tarixi şəxsiyyət olan Nüşabənin qalası ilə tanış olublar. Bundan başqa iştirakşılar Ağcakənd qəsəbəsində yerləşən Xocalı muzeyi ilə tanış olub, 20-ci əsrin ən dəhşətli soyqırımlarından biri haqqında daha geniş məlumatlar əldə ediblər.

Layihə çərçivəsində iştirakçılara, tariximiz, mədəniyyətimiz haqqında, həmçinin uşaq hüquqları, zərərli vərdişlər, reproduktiv sağlamlıq mövzularında təlimlər keçirilib. Layihə iştirakçısı olan yuxarı sinif şagirdlərinə Azərbaycan Futuroloqlar Cəmiyyəti (AFC) (www.futurestudies.az), Minilliyin Layihəsi (www.millennium-project.org) və layihənin Azərbaycan bölməsi, bəşəriyyətin qlobal və yerli perspektivlərini qiymətləndirməyə əsas verən 15 Qlobal Çağırış, gələcəklə bağlı ən son, müasir tədqiqatlar və həmçinin Azərbaycan Gənclər Fondu (www.youthfoundation.az) haqqında məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Yay düşərgəsində yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil olunması üçün müxtəlif intellektual və idman oyunları təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə