Türkiyə Gəncədə konsulluq açdı

Türkiyə Gəncədə konsulluq açdı

Türkiyə Respublikasının Gəncədəki baş konsulluğunun yeni binası istifadəyə verilib. Sentyabrın 9-da bu münasibətlə təşkil olunmuş mərasimi Türkiyə Respublikasının Gəncədəki baş konsulu Haluk Ağca açıq elan etdikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək, ölkəmizin ikinci mədəniyyət mərkəzi olan Gəncədə baş konsulluğun fəaliyyətə başlamasını əsrlər boyu tarixi kökə söykənən Azərbaycan və Türkiyə xalqları arasındakı birliyin möhkəmləndirilməsində növbəti addım olduğunu vurğulayıb. O, Türkiyənin bu yeni konsulluğunun hər iki dövlət arasında əlaqələrin daha da genişləndirilməsinə xidmət edəcəyini bildirib. Böyük Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" sözlərini diqqətə çatdıran Elmar Vəliyev çıxışını dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" müdrik kəlamı ilə bitirib.

Açılış mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib: "Bu gün Azərbaycanın bütün bölgələri kimi, Gəncə də çiçəklənmə dövrünü yaşayır. Bu, bizi bir qardaş ölkə olaraq çox sevindirir".

Azərbaycanla Türkiyə arasında əlaqələrin möhkəm təməl üzərində qurulduğunu bildirən türkiyəli diplomat onu da əlavə edib ki, bu əlaqələr dostluq və qardaşlıq prinsipləri üzərində qurulub: "Türkiyə ilə Azərbaycan bir candır. Azərbaycanın ayağına dəyən daş Türkiyənin ürəyinə dəyən daşdır. Ona görə də ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə bundan sonra da qardaş ölkənin mövqeyini müdafiə edəcək".

Hulusi Kılıç bildirib ki, bu gün Gəncədə tarixi bir gün yaşanır: "Türkiyə-Azərbaycan əlaqələrinin genişləndirilməsində bölgələrin də iştirakı çox önəmlidir. Türkiyənin Gəncədəki baş konsulluğunun fəaliyyəti respublikanın qərb bölgəsinin 22 şəhər və rayonunda yeni iqtisadi və mədəni əlaqələrin qurulmasında mühüm rol oynayacaq".

Sonra Türkiyə və Azərbaycan parlamentləri deputatlarının və iş adamlarının iştirakı ilə baş konsulluğun yeni binasının açılışını bildirən rəmzi lent kəsilmiş, iştirakçılar konsulluğun binasında işçilər üçün yaradılan şəraitlə tanış olublar.

Açılış mərasimindən sonra "RAMADA Plaza" otelində baş konsulluğun yeni binasının açılışı münasibətilə ziyafət təşkil edilib. Ziyafət zamanı Türkiyə-Azərbaycan əlaqələrinin genişlənməsindən bəhs edən videoçarx nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə