Qadınlar Azərbaycan-Türkiyə əlaqələrini müzakirə ediblər - FOTOLAR

Yevlaxda YAP Yevlax rayon təşkilatı Qadınlar Şurası və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə "Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında qadınların rolu" adlı tədbir keçirilib.

Qonaqların qarşılanma mərasimindən sonra ulu öndərin şəhərin mərkəzi meydanındakı abidəsi ziyarət olunub, önünə gül-çiçək dəstələri qoyulub. Daha sonra qonaqlar Azərbaycan-Türkiyə dostluğu şərəfinə salınmış "Dostluq" parkına dəvət olunub.

Qonaqların növbəti səfəri Tarix-Diyarşünaslıq muzeyinə olub. Burada qonaqları muzeylə, onun Türkiyəyə həsr olunmuş bölməsi ilə tanış ediblər.

Tədbirin rəsmi hissəsi "Sahil" istirahət mərkəzində keçirilib. Öncə "Kür" qəzetinin baş redaktoru, əməkdar jurnalist, YAP Yevlax Qadınlar Şurasının sədri Əminə Yusifqızı tədbiri açıb, Azərbaycan-Türkiyə əlaqələri ilə bağlı qısa çıxış edib: "Ümummilli liderimizin kəlamlarını xatırlayıram "Respublikamız müstəqillik uğrunda çalışarkən Türkiyə həmişə onu dəstəkləmiş, bizə dayaq olmuş, Azərbaycanın müstəqilliyini tanımış, bununla da dünya dövlətləri tərəfindən tanınmasına yol açmışdır". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Müasir Türkiyə Mustafa Kamal Atatürkün əsəridir. Necə ki, müasir Azərbaycan Heydər Əliyevin əsəridir" fikri xalqlarımız və dövlətlərimiz arasında dərin etimad və sevginin əbədiliyinə dəlalət edir.

"Bir millət, iki dövlət" prinsipi dünən də olub, bu gün də var, sabah da dostluq və qardaşlıq şəraitində yaşamağımızı zəruri edəcək. Bu böyük işdə qadınların da böyük rolu var və bu rol daha daha da fəallaşdırılmalıdır. Bu günkü görüşümüz də Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına xidmət edir".

Yevlax Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Qənimət Qaraşov qonaqları şəhər rəhbərliyi adından salamlayıb və tədbirin işinə uğurlar arzulayıb.

Sonra Əminə Yusifqızı sözü tədbirin təşəbbüskarı, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifliyə verib. Sevil Yusiflinin çıxışından sonra qonaqlara söz verilib. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıcın xanımı Günay Kılıc, Şimali Kipr Respublikasının ölkəmizdəki səfirinin xanımı Sinən Kazioğlu, səfirliyin ticarət müşavirinin xanımı Hasiba Bilgin, səfirliyin əmniyyət müşavirinin xanımı Beyxan Çalışkan, respublikanın əməkdar rəssamı Lyuba Buxarova, XXI Əsrin Qadınları İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova çıxışlarında iki qardaş ölkə arasında əlaqələrin inkişafında qadınların rolu və qarşıda duran vəzifələr haqqında çıxış ediblər.

Sonda Əminə Yusifqızı Günay xanım Kılıca Azərbaycan-Türkiyə əlaqələrinin inkişafındakı fəaliyyətinə görə, YAP Yevlax rayon təşkilatının diplomunu təqdim edib.

Səfirin xanımı da daxil olmaqla bütün qonaqlara tədbirdən xatirə olaraq hədiyyələr təqdim edilib.

Azərbaycan-Türkiyə dostluğunu və qardaşlığını vəsf edən mahnılar, şeirlər, milli rəqslər tədbiri daha rəngarən və yaddaqalan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə