Erməni diasporu beynəlxalq təşkilatları oyuncağa çevirib

QHT rəhbəri: "Amnesty International" və "Human Right Watch"un hesabatları erməni disporunun istəkləri və maliyyəsi ilə hazırlanır"


"Amnesty International" və "Human Right Watch" kimi beynəlxalq təşkilatların Azərbaycanın əleyhinə hazırladığı hesabatlar erməni disporunun istəkləri və maliyyəsi ilə hazırlanır. Bunu Zəngin Azərbaycan Uğrunda Maarifləndirmə İctimai Birliyinin sədri İradə Əliyeva deyib.

Bu təşkilatların Azərbaycanla bağlı mövqeyinin hər zaman məlum olduğunu deyən təşkilat sədri hesab edir ki, onların hazırladıqları hesabatlar həmişə birtərəfli olub, maraqlı qüvvələrin mövqeyini əks etdirib.

"Bu hesabatlar erməni disporunun maliyyəsi və istəkləri ilə hazırlanır. Onların hazırladıqları hesabatlarda indiyədək Azərbaycanla bağlı ürəkaçan rəy olmayıb. Bu isə onu göstərir ki, həmin hesabatlar qərəzli hazırlanır", - İ.Əliyeva deyib.

Onun sözlərinə görə, "Amnesty International" və "Human Right Watch"a belə qeyri-obyektiv, qərəzli hesabatların hazırlanmasında Azərbaycanda fəaliyyət göstərən və özlərini radikal adlandıran daxili hüquq müdafiə təşkilatları kömək edirlər.

"Hər il hazırlanan hesabatlarda bu mövqe, demək olar, dəyişmir. Son hesabat da bu səpkidədir. Biz bu hesabatları pisləyirik. Bu hesabatları "sapı özümüzdən olan baltalar"ın köməyi ilə hər il cüzi dəyişikliklə bir az da sərtləşdirərək hazırlayırlar", - o vurğulayıb.

Əliyeva deyib ki, həmin hesabatlarda guya "Eurovision"la bağlı bir sıra şəxslərin evlərinin söküldüyü və onların mülkiyyət hüquqlarının pozulduğu deyilir.

"Azərbaycanda beynəlxalq səpkili belə böyük bir tədbir keçirilir. Bir il ərzində müsabiqənin keçirilməsi üçün möhtəşəm zal inşa olunub. Həmin ərazidə evləri olan insanlara mülkiyyətləri müqabilində pul verilib, onlar razı salınıb və maraqları təmin olunub", - QHT rəhbəri deyib.


Bütün xəbərlər Facebook səhifəmizdə