Qənirə Paşayeva Türkiyə rəsmiləri ilə görüşüb - FOTO

Qənirə Paşayeva Türkiyə rəsmiləri ilə görüşüb - FOTO

İstanbul Universitetində Türk Ocaqlarının 100 illiyi münasibətilə "Bir düşüncə hərəkatının yüz ili" mövzusunda keçirilən beynəlxalq simpozium çərçivəsində millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva Türkiyə baş nazirinin müavini Bəşir Atalay və İstanbul Türk Ocaqları başqanı Cezmi Bayramla görüşüb. SİA-nın məlumatına görə, beynəlxalq simpoziumda millət vəkili Qənirə Paşayevanın Türk dünyasının birgə fəaliyyətinin vacibliyi və əhəmiyyəti barədə çıxış və məruzəsini yüksək qiymətləndirən Türkiyə baş nazirinin müavini Bəşir Atalay Türkiyənin bundan sonra da daim Azərbaycanın yanında olacağını və Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini bundan sonra da bütün platformalarda geniş şəkildə dəstəkləyəcəyini deyib. Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini deyən, nazir müavini Bəşir Atalay iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu söyləyib. Bəşir Atalay da Türkiyənin Azərbaycan və Qafqazdakı bütün türk xalqları ilə dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirdiyini, onların problemlərini həll etmək üçün səylərini artırdığını vurğulayıb.

Millət vəkili Qənirə Paşayeva isə öz növbəsində ümummilli lider Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət iki dövlətdir" fikirini qeyd edərək Azərbaycanın da daim qardaş Türkiyənin yanında olduğunu deyib.

Millət vəkili Q. Paşayeva bununla yanaşı Türkiyənin baş nazirinin müavini Bəşir Atalaya araşdırmaçı-yazar Azər Turanla həmmüəllifi olduğu "Əlibəy Hüseynzadə Turan" kitabını təqdim edib. Qeyd edək ki, Türk Ocaqlarının qurulmasında böyük xidmətləri olan Türk dünyasının böyük şəxsiyyəti Əli Bəy Hüseyzadə haqqında yazılmış bu kitab Türk Ocaqlarının 100-cü ildönümü münasibəti ilə İstanbul Türk Ocaqları tərəfindən Türkiyə türkcəsində nəşr edilib və Türkiyədə geniş təqdimatı keçirilib. Kitab bütün simpozium iştirakçılarına İstanbul Türk Ocaqları tərəfindən hədiyyə edilib.

Məlumat üçün bildiərk ki, sözügedən beynəlxalq simpozium çərçivəsində millət vəkili, Qənirə Paşayeva Türkiyə İstanbul Türk Ocaqları başqanı Cezmi Bayramla da görüşüb və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 3 gün davam edən və bu gün başa çatacaq "Bir fikir hərəkatının 100-cü ili" adlı beynəlxalq simpoziumda İstanbul universitetinin Azərbaycan mənşəli 2 böyük alimi- tibb professoru, Türk dünyasının böyük şəxsiyyətlərindən biri Əli Bəy Hüseynzadə Turan və dilçi professor Muharrem Erginin adına təşkil edilmiş seksiya iclasları da keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə