Tariximizdə bu gün

1877 - Çar Rusiyası Qafqaz və Balkanlarda mövqelərini möhkəmlətmək məqsədilə Osmanlı ilə növbəti müharibəyə başlayıb. Bir il sürən müharibə Osmanlının məğlubiyyəti ilə nəticələnib. San-Stefano sülh müqaviləsinə (1878) əsasən, Rusiya Türkiyənin ermənilər yaşayan bir neçə bölgəsini (indiki Ermənistan-Türkiyə sərhədi) birləşdirdi. Türkiyə həmin əraziləri (Qars, Ərdəhan və s.) yalnız 1918-ci ildə geri ala bildi. Bu arada ermənilərin Türkiyədən Cənubi Qafqaza, o cümlədən Azərbaycana axını da davam etməkdə idi.


1938 - Xalq artisti Həsənağa Turabov (1938-2003) anadan olmuşdur. 1960-cı ildən ömrünün sonuna qədər Azərbaycan Dram Teatrında çalışıb, 1987-2001-ci illərdə teatra rəhbərlik edib. Bir çox filmlərdə ("Yeddi ogul istərəm", "Babək", "Qəm pəncərəsi" və s.) unudulmaz obrazlar yaradıb, rejissor kimi "Atları yəhərləyin" filmini çəkib.


1999 - Vaşinqtonda NATO-nun 50 illik yubileyi münasibətilə keçirilən sammitdə iştirak edən Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan ABŞ-ın dövlət katibi Madlen Olbraytın vasitəçiliyi ilə görüşüblər. Bu görüşdən sonra Azərbaycan və Ermənistan rəhbərlərinin Qarabağ nizamlanması ilə bağlı çoxsaylı görüşlər seriyası başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə