“Eurovision-2012\" - Azərbaycanın nüfuzunun yüksəldilməsində vətəndaş cəmiyyətinin rolu\" adlı dəyirmi masa keçirilib - FOTOLAR

“Eurovision-2012\" - Azərbaycanın nüfuzunun yüksəldilməsində vətəndaş cəmiyyətinin rolu\" adlı dəyirmi masa keçirilib - FOTOLAR

Bu gün "Səs" qəzetinin redaksiyasında "Eurovision-2012\" - Azərbaycanın nüfuzunun yüksəldilməsində vətəndaş cəmiyyətinin rolu\" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə \"Səs\" qəzetinin baş redaktoru, Səs İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev, \"Yeni Azərbaycan\" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu, YAP Qaradağ rayon təşkilatının sədri, iqtisadçı Aydın Hüseynov, AXCP rəyasət heyətinin üzvü Məhəmməd Talıblı, ADP sədrinin birinci müavini Həsrət Rüstəmov, AHB-nin sədri Təhmasib Novruzov, DADP-nin sədri Məmməd Əlizadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, ASDP-nin həmsədri Araz Əlizadə və bir sıra digər siyasi partiya təmsilçiləri iştirak edib. Tədbirdə beynəlxalq müsabiqə öncəsi ölkədə baş verən proseslər təhlil edilib.

Dəyirmi masanı giriş sözləri ilə açan Bəhruz Quliyev tədbirin keçirilməsində əsas məqsəd barədə məlumat verib: "Azərbaycanda \"Eurovision-2012\" beynəlxalq mahnı müsabiqəsinin keçirilməsinə artıq 2 aydan da az vaxt qalıb. Bu müsabiqə Azərbaycanın nüfuzunun artmasında böyük rol oynaya bilər. Bu fürsətdən təbii ki, istifadə etməliyik. \"Eurovision\"un mədəniyyət hadisəsi olduğu bütün dünya tərəfindən qəbul olunub. Beynəlxalq əhəmiyyətli tədbirin keçirilməsi ərəfəsində ölkəmizdə sabit ictimai-siyasi vəziyyət isə xüsusi önəm daşıyır. Bu baxımdan ölkəmizdə gedən prosesləri və Azərbaycanın imicinin yüksək səviyyədə dünyaya təqdim olunması üçün hansı addımların atılmalı olduğunu müzakirə etmək daha faydalı olar".

\"Yeni Azərbaycan\" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu məhz müzakirə mövzusuna toxunaraq \"Eurovision\" mahnı müsabiqəsini mədəniyyət hadisəsi adlandırıb və əsaslı fikirlərlə bu məsələnin siyasiləşdirilməsinin əleyhinə olduğunu diqqətə çatdırıb: "Mədəniyyət insanların düşündüyü unikal anlamdır. Eyni zamanda mədəniyyət sabitlik dövründə intişar tapan mənəvi dəyərlər sistemidir. Ona görə də mədəniyyətlə bağlı olan belə bir tədbir ərəfəsində Azərbaycandakı ictimai-siyasi vəziyyətin təhlili vacibdir. Bu gün Azərbaycan belə möhtəşəm bir tədbirə ev sahibliyi etmə şansını qazanıbsa, bunu ilk növbədə ölkədəki ictimai-siyasi sabitliyə borclu olduğumuzu unutmamalıyıq. Əsası 1993-cü ildə ulu öndər tərəfindən qoyulan bu ictimai-siyasi sabitlik Azərbaycanda yeni dəyərlərin formalaşmasına səbəb olub. Bu gün Azərbaycanın siyasi arenasında belə əxlaq və mədəniyyət prinsipləri müdafiə edilir. \"Eurovision\" mahnı müsabiqəsi ölkəmizdə keçiriləcəksə, bu bizim danılmaz qələbəmiz, fəxr ediləcək uğurumuzdur. Bu müsabiqənin Azərbaycanda keçirilməsi təkcə Azərbaycanın ötənilki müsabiqədə birincilik qazanması demək deyil. Bu, həm də Azərbaycan tərəfindən təqdim edilən musiqinin Avropada və eləcə də, dünyada birmənalı surətdə qəbul olunması deməkdir. Məhz bu gün Azərbaycanda belə gənclərin yetişdirilməsi də bir daha bugünkü ictimai-siyasi vəziyyətin real görüntüsüdür".

Çıxış edən Tahir Kərimli də \"Eurovision\" mahnı müsabiqəsi ərəfəsində siyasi etikaya uyğun davranışların sərgilənməli olduğunu deyib və fürsətçilikdən uzaq olmağı məsləhət görüb: "Ümumiyyətlə, fürsətçilik siyasi etikaya uyğun davranış deyil. Azərbaycan üçün belə önəmli bir məqamda mitinqlər keçirmək, hansısa siyasi şərtlər qoşmaq heç bir tərəfdən mübarizə fəlsəfəsinə sığmır. Mən düşünürəm ki, \"Eurovision\" müsabiqəsi ən azı bizim bayrağımız zəminində son dərəcə önəmlidir. Biz şərqli, türk və çağdaş millət olaraq beynəlxalq tədbirlərin öhdəsindən layiqincə gələ biləcəyimizi sübut etməliyik. Hər halda bu müsabiqə dünya tərəfindən izlənən və önəmlə qarşılanan beynəlxalq tədbirdir. Ona görə də bu tədbirin keçirilməsi ilə bağlı Azərbaycan haqqında müxtəlif fikirlər səsləndirilir".

Dəyirmi masanın iştirakçılarından olan Araz Əlizadə də tədbirin Azərbaycanda keçirilməsinə yüksək səviyyədə hazırlaşmaq gərəkliyini bildirib və bunun üçün siyasi gərginliklərin bitməsini zəruri hesab edib: "İlk olaraq qeyd edim ki, belə möhtəşəm bir tədbirin Azərbaycanda keçirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Gənclər və İdman Nazirliyinin, eyni zamanda İctimai Televiziyanın rolu böyükdür. Məlum məsələdir ki, Azərbaycanda radikal müxalifət tərəfindən \"Eurovision\" müsabiqəsinin baykot edilməsi ilə bağlı çağırışlar edildi. Nəticədə bu çağırışlara razılığını bildirən tək ölkə Ermənistan oldu. Açıq bir məqam ortaya çıxır. Müxalifət Ermənistana xidmət edir, yoxsa Azərbaycanın maraqlarına? Azərbaycanın xeyrini düşündüyünü iddia edənləri beynəlxalq tədbirlərin önəmini dərk etməyə çağırıram".

Eurovision öncəsi Azərbaycanın ictimai-siyasi vəziyyətində stabilliyin qorunub saxlanması məsələsinə münasibət bildirən Məhəmməd Talıblı isə burada bütün faktorların nəzərə alınmasını vacib hesab edib: "Biz əgər \"Eurovision\" qabağı həqiqətən də siyasilərin düşüncələrini, baxışlarını öyrənmək istəyiriksə, bütün mənəvi, psixoloji məqamlara diqqət yetirməliyik. \"Eurovision\" ərəfəsində bütün dünyaya mədəniyyətimizi nümayiş etdirəcəyimizi nəzərə alsaq, burada tələb olunanın nə olduğunu anlamaq elə də çətin deyil. Lakin sadəcə müsabiqə ərəfəsində deyil, ümumilikdə bu sabitlik bərqərar edilməlidir. Yəni, sadəcə bir müddətlik nəyisə nümayiş etdirməklə nə bir ölkə, nə də millət olaraq heç nə əldə edə bilmərik".

Məmməd Əlizadə isə çıxışı zamanı həm ümumilikdə, həm də məhz \"Eurovision\" ərəfəsində birliyə üstünlük verilməsi gərəkdiyini diqqətə çatdırıb: "Hamı tərəfindən birmənalı surətdə qəbul olunmalıdır ki, Azərbaycanın çiyinlərində məsuliyyətli bir iş var və bunu layiqincə yerinə yetirməlidir. Xalqın milli mənəvi dəyərlərinə cavab verən fikirlər ətrafında hamı toplaşmalı və öz fəaliyyətini təmin etməlidir. \"Eurovision\" ümummilli məsələdir. Burada millətin təfəkkürü, əxlaqi, mədəni dəyərləri özünü göstərəcək".

Milli mənafeyimizlə bağlı olan məsələlərdə birləşməyimiz və fikir həmrəyliyinə gəlməyimizin önəmli olduğunu deyənlərdən biri də Həsrət Rüstəmov olub: "Eurovision\" mahnı müsabiqəsinə həm siyasi, həm mədəni, həm iqtisadi, həm də digər sahələrdən yanaşmaq önəmlidir. Yəni biz bu tədbirə bütün sahələrdən yanaşmalıyıq ki, əhəmiyyətini tam dərk edə bilək. Əgər Azərbaycan Avropaya tam inteqrasiya olunmaq istəyirsə, o zaman ilk növbədə siyasi sistemimizi təkmilləşdirməliyik".

Təhmasib Novruzov isə \"Eurovision\" ərəfəsində ölkədə keçirilən aksiya və digər tədbirlərə münasibət bildirib: "Eurovision\"un Azərbaycan tarixindəki əhəmiyyəti danılmazdır. Bu reallıqla barışmaq lazımdır ki, Azərbaycanın düzgün və yüksək səviyyədə təmsil olunması üçün atılan bütün addımları radikal müxalifət nümayəndələri əngəlləməyə çalışırlar. Lakin təbii ki, belə bir halın baş verməsi qeyri-mümkündür. Bəli, bəlkə də ölkəmizdə bu ərəfədə keçirilən aksiyalarda belə müsbət hal var. Yəni bu üsulla Azərbaycanın imicini zədələməyi düşünənlər bilmirlər ki, əslində belə bir müddətdə keçirilən aksiyalar belə onların söz azadlığı və demokratiya ilə bağlı şikayətlərinin nə qədər real olmadığını göstərir. Amma təbii ki, bütün hallarda etik və əxlaq normaları nəzərə alınmalıdır".

\"Eurovision\" mahnı müsabiqəsini yüksək dəyərləndirənlərdən biri də Aydın Hüseynov olub: "Eurovision\" müsabiqəsinin Azərbaycanda keçirilməsinin kim tərəfindən necə dəyərləndirilməsindən asılı olmayaraq bu son dərəcə əhəmiyyətli və önəmli hadisədir. Hazırda Azərbaycanda müsabiqənin yüksək səviyyədə keçirilməsi üçün bütün tədbirlər planlı şəkildə davam etdirilir. Azərbaycanın qonaqpərvərliyi, mədəniyyəti və digər bütün həqiqətləri bu tədbir vasitəsilə dünyaya bəyan ediləcək. Ona görə də bunun qarşısını almağa, əngəl törətməyə çalışan hər kəs bilməlidir ki, bütün cəhdləri nəticəsiz qalacaq".

Tədbir müxtəlif mövzular ətrafında fikir mübadiləsi əsasında davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə