“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkəmizin həyatında yeni səhifə açacaq
Prezident İlham Əliyev "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncam imzalayıb. 2020-ci ilədək dövrü əhatə edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının layihəsinin hazırlanmasına ümumi rəhbərlik Prezident Administrasiyasına həvalə edilib.
Sərəncama göstərilib ki, son onillikdə Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunub, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılıb.
Bütün bunlarla bərabər, sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açıb.
Milli Fəaliyyət Proqramında dövlətin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinin konsepsiyası inkişaf etdirilərək müxtəlif istiqamətlər üzrə kompleks tədbirlərin həyata keçirilməsi, onların icrası, əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi mexanizmi və qarşıya qoyulan məqsədlər müəyyən edilib.
Azərbaycan prezidentinin təsdiq etdiyi yeni proqram insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsinə yönəlib.
Milli Fəaliyyət Proqramını təsdiqləməsi ilə bağlı dövlət xadimləri, millət vəkilləri, ziyalılılar öz fikirlərini açıqlayır.
Ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyur
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" Prezident İlham Əliyevin Sərəncamının əhəmiyyətindən danışan akademik Ramiz Mehdiyev bildirib ki, bu sənəd ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlıdır.
Azərbaycanın öz müstəqilliyinin 20 ili ərzində çox mürəkkəb və eyni zamanda, şərəfli yol keçib: "Yeni Konsepsiya ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması, yeni inkişaf mərhələsinin əsas xüsusiyyəti, qarşımızda duran məqsədlərin daha yüksək səviyyəli, çoxşaxəli olması və zamanın çağırışlarını nəzərə alınması ilə bağlıdır. Bu məqsədlərə nail olmaq üçün ciddi elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının tətbiqi tələb edilir, strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zərurəti yaranır. Konsepsiyanın hazırlanmasının əsas istiqamətlərindən də danışan R. Mehdiyev qeyd edib ki, bu istiqamətlər dövlət müstəqilliyimizin daha da gücləndirilməsi, ölkənin ərazi bütövlüyünün təmin olunması və qorunması, siyasi sahədə demokratiya institutlarının daha da inkişaf etdirilməsi, dövlətin funksiyalarının yerinə yetirilməsinin və vətəndaş cəmiyyəti təsisatlarının rolunun gücləndirilməsi, qanunun aliliyini tam təmin edən mexanizmlərin təkmilləşdirilməsi, bölgədə və bütün dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan dövlətinin səylərinin artırılması və s. istiqamətlərdə tədbirlərin həyata keçirilməsidir.
Akademik Ramiz Mehdiyev vurğulayıb ki, Konsepsiyanın hazırlanması zamanı dünya təcrübəsi araşdırılmalı, bu işə xarici mütəxəssislər cəlb olunmalı, dövlət və ictimai təşkilatlarla geniş müzakirələr aparılmalıdır. Gələn ilin yanvarında komissiyanın və işçi qrupunun tərkibi müəyyən edilməlidir.
Kulturologiya və mədəniyyətşünaslıq elm kimi tədris olunacaq
Kuılturoloq, alimlər hesab edir ki, yeni Konsepsiya Azərbaycan müasir qloballaşan dünyada rəqabətə dözümlü, sabit inkişafını təmin etməlidir. Elm isə bu inkişafın təmin edilməsində mühüm rol oynaya bilər.
Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov bildirib ki, konsepsiyaya əsasən, elmi tövsiyələr tədqiq olunandan sonra bunun əsasında siyasi qərarlar qəbul ediləcək: "Hər bir xalqın özünəməxsus xüsusiyyətləri var və onları bir-birindən fərqləndirən bu xüsusiyyətlərdir. Xalqları birləşdirən yeganə məram isə mədəniyyətdir. Gələcəkdə nəzərdə tutulan konsepsiya və proqramlarda kulturologiyanın və mədəniyyətşünaslığın təhsil müəssisələrində elm kimi tədris olunmasını təklif edəcəyik".
Millət vəkili Aslan Cəfərov bildirib ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ölkəmizin həyatında yeni səhifə açacaq: "Bu gün yeni inkişaf mərhələsində olan Azərbaycanda hədəf çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Ona görə də, hər birimiz milli dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin sosial-iqtisadi, siyasi-hərbi qüdrətinin daha da artması üçün aktiv sürətlə çalışmalıyıq. Fəal ictimai müzakirələr keçirilməli, təkliflər verilməlidir".
Qeyd edək ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının layihəsinin 2012-ci ilin sonunadək hazırlanması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB