Bahar Muradova: “Azərbaycanlı və erməni icmalarının Moskva görüşünə münasibətim müsbətdir”

Bahar Muradova: “Azərbaycanlı və erməni icmalarının Moskva görüşünə münasibətim müsbətdir”

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının Moskvada planlaşdırılan görüşünə münasibətim müsbətdir. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova bildirib. Azərbaycan tərəfi olaraq icmaların görüşməsi ilə bağlı təşəbbüs irəli sürdüklərini söyləyən vitse-spiker vurğulayıb ki, Dağlıq Qarabağ ərazisində yaşayan və gələcəkdə bir yerdə yaşayacaq insanlar bir-birləri ilə görüşməli və aradan olan etinasızlıq və inamsızlığı aradan qaldırmalıdırlar."Çünki, gələcəkdə bir yerdə yaşayacaq insanlar öz fikirlərini bölüşəcəklər. Mən çox istəyirəm ki, heç olmasa, Moskvada nəzərdə tutulan görüşdə erməni icmasının üzvləri də iştirak etsinlər. Əlbəttə, bu, aparılan danışıqlar prosesinə töhfəsini verəcək".

Bahar Muradova həmçinin ATƏT-in Minsk qrupunun həmsədri Bernar Fasyenin digər vasitəçi ilə əvəzlənməsinə də münasibət bildirib: "Həmsədrin dəyişdirilməsi Fransa siyasətinin dəyişilməsi demək deyil. Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun Fransadan olan yeni həmsədri də bu siyasətin davam etdirilməsinə çalışacaq və Qarabağ münaqişəsinin həllində Fransanın tutduğu mövqeni ifadə edəcək".

Həmsədr ölkə olan Fransanın son vaxtlar Qarabağ münaqişəsinin həllində fəallaşması barəsində danışan B.Muradova: "Mən istərdim ki, Fransanın bu fəallığı digər aktiv ölkələr ilə yarış xarakteri daşımasın və bu doğurdan da prosesə müsbət təsirini göstərsin. Ümumiyyətlə, həmsədr ölkələrin fəaliyyətinin genişlənməsi və bütün beynəlxalq təşkilatlarda münaqişə ilə bağlı məsələnin gündəmdə saxlanılması onu göstərir ki, dünya birliyi Qarabağ və buna bənzər həlli uzadılmış problemlərin qalmasında maraqlı deyil\".

Bütün xəbərlər Facebook səhifəmizdə